Tarix İnstitutunda Atropatena/Azərbaycan dövlətinin yaranma tarixi müzakirə olunub

İclasda Azərbaycan dövlətinin eramızdan əvvəl 612-ci ildə yaranması konsepsiyası irəli sürülüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun genişləndirilmiş elmi şurasında Atropatena/Azərbaycan dövlətinin yaranma tarixi geniş müzakirə olunub.
TEHSİLSHURASİ.AZ AZƏRTAC-a istinadən məlumat verir ki, bu barədə İnstitutdan bildirilib ki, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov iclasda Azərbaycan dövlətinin yaranma tarixi barədə məruzə ilə çıxış edib.
Tarixçi alimlər Azərbaycan dövlətinin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, Atropatena ölkəsinin adı müasir “Azərbaycan” anlayışının fonetik versiyasıdır. Məruzəçinin fikrincə, Roma tarixçisi Ammian Marsellin (IV əsr) və “Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinadla demək olar ki, Azərbaycan adını daşıyan dövlət eramızdan əvvəl VII əsrdə yaranıb. İndiyədək elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra eramızdan əvvəl 321-ci ildə yarandığı qeyd olunur. Əslində isə o vaxt Atropatenanın müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, eramızdan əvvəl 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində “Atropatena/Adorbayqan” adlı dövlətin yarandığını təsdiqləyək. Bu konsepsiyadan çıxış edərək deyə bilərik ki, Azərbaycan dövləti eramızdan əvvəl 612-ci ildə yaranıb.
Məruzədə vurğulanıb ki, dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir. V əsr Suriya mənbəyinə görə, bu sözlərin kökündə 2700 il əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan “Arpat” və yaxud “Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə Böyük Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi. Albaniya dövləti isə eramızdan əvvəl I əsrdə yaranıb. Albaniya dövlətinin yarandığı ərazi eramızdan əvvəl 612-ci ildən eramızdan əvvəl II-I əsrlərə qədər Adorbayqan/Atropatena/Atarpatena adlanan dövlətin tərkib hissəsi olub. Alban çarlığı kimmerlərin Qamir dövləti və skiflərin Aşquz çarlığının hüquqi varisi sayılır.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, elmi şurada qaldırılan məsələlər ilk mənbələrə və elmi ədəbiyyata, xüsusən qərb mənbələrinə və Avropa tarixçilərinin əsərlərinə əsaslanır və ciddi elmi maraq doğurur. Elmdə yeni fikirlər labüddür. Onlara obyektiv yanaşmaq, bu istiqamətdə tədqiqatları daha da genişləndirmək lazımdır.
Yaqub Mahmudov, həmçinin Polşada tarixə və tarixi şəxsiyyətlərə ehtiramla yanaşıldığını təqdir edərək diqqətə çatdırıb ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb. Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri qoyulub. Ötən ilin sonlarında Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətə başlaması bu istiqamətdə atılan daha bir mühüm addımdır.шаблоны для dle 11.2
Baxılıb: 222 Tarix: 9-01-2019, 14:20