“Əbədiyyətə qovuşan ömür“

  Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində Milli Qəhrəman Kazım Məmmədovun xatirəsinə həsr edimiş "Əbədiyyətə qovuşan ömür" adlı tədbir keçirilmişdir. 
Tədbirdə Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq müəllim Qurbanov, müdir müavini Aydın Bəyişov, Cəbrayıl rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Rövşən Mustafayev, Salamullah Əhmədov, Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndələri Vilayət Cabbarov,  Hüseyn Sadıqov, "Xudafərin" qəzetinin baş redaktoru Şakir Albalıyev, Milli Qəhrəmanın anası Dursun Məmmədova, şəhidin qardaşı Bəşir Məmmədov, bacıları və digər yaxın qohumları, müəllim və valideynlər, televiziya və media nümayəndələri iştirak edirdilər.
Məktəbin direktoru Nuriyyə Ağayeva qonaqları salamladı və tədbiri açıq elan etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Kazım Məmmədov və onun timsalında Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olan bütün Şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Sonra söz şagirdlərə verildi.
Şagirdlərin ifasında doğma Azərbaycanımızı, cənnət Qarabağımızı tərənnüm edən şeir və mahnılar səsləndi, Milli Qəhrəmanın keçdiyi qısa və şərəfli ömür yolundan danışıldı, onun həyatını, döyüş yolunu əks etdirən slaydlar, səhnəciklər nümayiş etdirildi.
Tədbirdən sonra çıxış üçün söz qonaqlara verildi. Milli Qəhrəman Kazım Məmmədovun anası Dursun Məmmədova oğlunun xatirəsinə göstərilən ehtirama görə məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə minnətdarlığını bildirdi və qeyd etdi ki, "heç bir anaya oğul dağı arzu etmirəm: “Amma siz ki, onu belə yad edirsiniz, mən elə bilirəm ki, Kazımı itirməmişəm, o elə sizin yanınızda, aranızdadır...”
Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov Milli Qəhrəman Kazım Məmmədovun həyat yolunun rayonun məktəblərində təhsil alan bütün şagirdlər üçün təsirli nümunə olduğunu qeyd etdi və belə bir oğul tərbiyə etdiyi üçün Dursun anaya minnətdarlığını bildirdi. Bəşir Məmmədov da qardaşının xatirəsinin məktəbdə anılmasını yüksək qiymətləndirib, tədbiri hazırlayanlara təşəkkür etdi.
Sonra bir qrup müəllim və şagirdlər Fəxri Fərmanla təltif edildilər.
Sonda məktəbin direktoru Nuriyyə Ağayeva tədbirdə iştirak etdiyinə görə qonaqlara öz təşəkkürünü bildirdi.
Qonaqlar və iştirakçılar tədbirdən xoş təəssüratlarla ayrıldılar.












шаблоны для dle 11.2
Baxılıb: 346 Tarix: 16-01-2019, 09:37