"Gəncliyin BİR həftəsi" başa çatıb
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbirdə 37 təhsil müəssisəsindən 300-dən çox tələbə-könüllü iştirak edib.
Tədbir çərçivəsində peşəkar təlimçilər və tələbə-könüllülər tərəfindən təlimlər, xaricdə könüllülük təcrübəsinə dair seminar, breyn-rinq intellektual oyunu, tələbə-könüllülərin ifasında gənclər və ahıllar üçün konsert proqramı, musiqili saatlar baş tutub.
"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyıb.
"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçirilib.
Tədbir 27 yanvar - 2 fevral tarixlərini əhatə edib.
Tədbirə Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Code Tusi” komandası, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, “AIESEC Azərbaycan” təşkilatı və “Üçüncü Bahar” təşəbbüs qrupu tərəfdaş olaraq dəstək verib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.