Avropalı ekspertlərin Azərbaycana səfəri

Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.

Sözügedən layihənin “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı  dördüncü komponenti  çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi  Mərkəzinin informasiya və qiymətləndirmə üzrə mütəxəssisi Kristina Sutkute və Latviyanın Akademik Məlumat Mərkəzinin Diplomların Tanınması şöbəsinin müdir müavini İnara Dunska daxildir.  

Missiyanın məqsədi ali təhsil müəssisələrində təhsil müddətlərinin tanınması üzrə təcrübənin qiymətləndirilməsi, institusional səviyyədə təhsil müddətlərinin təlim nəticələrinə əsaslanaraq tanınması ilə bağlı təkliflərin verilməsi, bu sahədəki qanunvericilik sənədlərinə düzəlişlərə, universitetlərdə tanınma prosedurlarının təkmilləşdirilməsinə dair təklif və təlimatların hazırlanmasıdır.  

Missiya çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin, eləcə də Akkreditasiya və Nostrifikasiya İdarəsinin Nostrifikasiya şöbəsinin əməkdaşları ilə görüşlər keçirilib, “Nostrifikasiya haqqında” yeni qanun layihəsinə düzəlişlərin edilməsi ilə bağlı təkliflər hazırlanıb.

Bundan başqa, missiya çərçivəsində Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetini təmsil edən nümayəndələrlə görüşlər keçirilib, bu universitetlərdə təhsil müddətlərinin tanınması sahəsində cari praktika öyrənilib və tanınma qaydalarının Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

шаблоны для dle 11.2
Baxılıb: 112 Tarix: 6-03-2019, 09:46