“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi

Martın 30-da Akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.

TEHSILSHURASI.AZ xəbər verir ki, Təhsil nazirinin müavini, müsabiqənin Təşkilat Komitəsinin sədri  Məhəbbət Vəliyeva və Təşkilat Komitəsinin üzvləri bilik yarışını izləyiblər.
Nazir müavini qeyd edib ki, müsabiqə şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onların ədəbiyyata olan marağının daha da artırılması baxımından mühüm əhəmiyyətə malidir.
Məhəbbət Vəliyeva müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından rolunu diqqətə çatdırıb.
İştirakçılar bu mərhələdə 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.
Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
“Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib, onların arasından fərqlənən 5500 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 125 nəfər şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün təqdim olunub. Onlardan 12 nəfəri VIII, 37 nəfəri IX, 29 nəfəri X, 47 nəfəri XI sinif şagirdidir.
Artıq dördüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.

шаблоны для dle 11.2
Baxılıb: 405 Tarix: 30-03-2019, 14:07