“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası”nın 14-cü ümumi yığıncağı keçirilib

Aprelin 17-də “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” (AVMA) ictimai birliyinin 14-cü ümumi yığıncağı keçirilib.

TEHSILSHURASI.AZ xəbər verir ki, tədbirdə çıxış edən ictimai birliyin icraçı direktoru Şahin Rəcəbov təşkilatın fəaliyyətindən danışıb. Bildirib ki, AVMA 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır. Bu platforma ABŞ modelindən götürülüb və bütün inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərir. Assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir. AVMA-nın əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil mühitinin formalaşdırılmasına dəstək olmaq, həmçinin müəllim, valideyn və şagirdlərin hüquqlarını müdafiə etmək və müxtəlif sosial xarakterli layihələri həyata keçirməkdir. Assosiasiya həm məktəbə ictimai nəzarət edir, həm də təhsil müəssisələrinə maddi, texniki və mənəvi dəstək olur. AVMA artıq ictimaiyyət tərəfindən cəmiyyətdə təhsilə böyük dayaq mərkəzlərindən biri kimi dəyərləndirilir. Sıralarında böyük kollektivi - təhsil ekspertlərini, müəllimləri, məktəb direktorlarını, valideyn və şagirdləri birləşdirən assosiasiya Bakıda və regionlarda təhsil müəssisələrində bir sıra təlim, görüşlər təşkil edib, müxtəlif layihə və proqramlar həyata keçirib.
Milli Məclisin deputatları Dilarə Cəbrayılova, Elman Məmmədov, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Fikrət Rzayev, Təhsil Şurası ictimai birliyinin sədri, professor Hikmət Əli-zadə və digər çıxış edənlər ölkəmizdə təhsilin inkişafında görülən işlərdən söz açıb, bu istiqamətdə AVMA-nın fəaliyyətini yüksək dəyərləndiriblər. Qeyd edilib ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də ölkəmizdə təhsilin keyfiyyətinin səmərəliliyinin artırılmasıdır. Bu istiqamətdə ictimai birliyin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Assosiasiyanin şagird-müəllim-valideyn münasibətlərinin qurulmasında, bu əlaqələrin genişləndirilməsində mühüm rolu var.
Vurğulanıb ki, AVMA Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verir, bu sahədə müxtəlif layihələr həyata keçirir, bir sıra uşaq evlərində tədbirlər təşkil edir, aztəminatlı ailələrin uşaqlarına, həmçinin valideynlərin məktəblərə cəlb edilməsinə dəstək olur.
Dövlət İmtahan Mərkəzinin (DİM) əsas fəaliyyətinin şagird və müəllimlərlə bağlı olduğunu söyləyən qurumun mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə DİM ilə AVMA-nın əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, şagirdlərin qiymətləndirilməsi Mərkəz tərəfindən həyata keçirildiyi üçün valideyn və müəllimlər də bu prosesə cəlb olunmalıdır. DİM-in yanında İctimai Nəzarət Şurası fəaliyyət göstərir, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri bu imtahanların idarə olunmasına cəlb edilirlər.
X.Xanlarzadə valideynlərin də bu proseslərdə, imtahanların təşkilində, materialların yoxlanılmasında iştirakının vacibliyini vurğulayıb.
Sonra çıxış edən region təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllim və valideynlər ölkəmizdə təhsilin inkişafında AVMA tərəfindən görülən işləri yüksək dəyərləndiriblər. Müəllim-şagird-valideyn münasibətlərinin qurulmasında və formalaşmasında assosiasiyanın rolunu xüsusi qeyd ediblər.
Daha sonra təhsil, mədəniyyət, milli vətənpərvərlik, vətəndaş cəmiyyəti, media və digər sahələrdə fərqlənənlərə mükafatlar verilib. Mükafat verilənlər arasında TEHSİLSHURASİ.AZ saytının rəhbəri Arif Gürşadoğlu da olub.
Tədbir gənc istedadların çıxışı və şagirdlərin təqdimatında bədii hissə ilə davam edib.
шаблоны для dle 11.2
Baxılıb: 351 Tarix: 18-04-2019, 11:13