TƏHSİL DÖVLƏTİN MİLLİ TƏHLÜKƏSİZLİYİNİN VƏ İNNOVATİV İNKİŞAFININ AMİLİ KİMİ

                                                                    “Təhsilin süqutu-millətin süqutudur”
“Təhlükəsizlik” geniş anlayıdır və qədim dövrlərdən etibarən təhdidləri qabaqlayıb neytrallaşdırmağı ehtiva edir. Təsadüfi deyil ki, müasir dünyada qlobal təhlükəsizlik ümumbəşəri maraqların mərkəzində dayanır, fərdin, cəmiyyətin, dövlətin təhdidlərdən qorunması kimi izah olunur.
Elmi sosial-fəlsəfi yanaşmada təhlükəsizlik maddi dəyər deyildir, bilik prosesində dünyanın, ətraf aləmin dərkində, qnoseoloji kateqoriya kimi təqdim olunur. İnsan ehtiyacların tələbatlarının, onların maraqlarının gerçəkləşməsinə istənilən təhlükəni yarandığı halda “təhlükəsizlik” amili meydana çıxır və formalaşır. İnsanın təhlükəni potensial zərər mənbəyi kimi dərketmə qabiliyyəti təhlükəsizliyin təminatı səviyyəsinin əsas meyarıdır.
Beləliklə, təhlükəsizlik bəşəriyyətin təbii və sosial təhlükələrdən qorunmasına dair fəlsəfi sahədir. Bu anlayış fəlsəfə, hüquq, iqtisadiyyat, texnologiya, siyasət, idarəetmə, tarix, sosiologiya, etika, estetika, psixologiya kimi elmi kəsişməsindən yaranan inteqral sahədir. Onun əsas subyekti, "əsas iştirakçısı" insandır və təhlükəsizliyin təminatı obyektləri sırasına şəxsiyyət, cəmiyyət və dövlət daxildir.
Müasir dövrdə təhlükəsizliyin əhatə dairəsi və miqyası genişdir: qlobal, siyasi, geosiyasi, iqtisadi, genetik, mənəvi-əxlaqı, sosial-mədəni, şəxsi, korporativ, daxili, hərbi, texnoloji, informasiya, regional, strateji, demoqrafik, tibbi, ekoloji və sairə.
Bu gün Azərbaycan Respublikasında gedən sosial-siyasi və iqtisadi dəyişikliklər təhsil sahəsində də  təhlükəsizliyinin təmin edilməsinin yeni elmi, metodoloji və konseptual inkişafını tələb edir. Təhsil doktrinasında, hökümət orqanlarının, Təhsil Nazirliyinin təhsil ilə bağlı normativ-hüquqi sənədlərində, ali təhsil müəssisələrinin nizamnamələrində milli təhlükəsizliyin vacib komponenti olan təhsil sahəsinə, xüsusən də ali təhsilə, təəssüf ki, kifayət qədər diqqət yetirilmir. İddia edilir ki, strateji baxımdan dövlətin təhlükəsizliyinin səviyyəsi onun təhsil sisteminin vəziyyəti ilə müəyyən olunur. Əlbəttə, dövlətin təhlükəsizliyini yalnız təhsil siyasətinin icra vasitələri ilə təmin etmək olmaz. Lakin bu amil olmadan təhlükəsizliyə zəmanət vermək mümkün deyildir.
Biz hazırda bütün dünyanı bürüyən və daim dəyişən iqtisadi, sosial-mədəni və siyasi dəyişikliklərin əhatəsində yaşayırıq. Müasir dünyada baş verən qloballaşma şəraitində təhsildə təhlükəsizlik probleminə yanaşmada müxtəlif fikirlər və münasibət mövcuddur. Əsas məsələ onları sistemləşdirib ortaq məxrəcə gətirməkdir. Ölkə təhsilinin ümumi təhlükəsizlik sistemində konkret məzmunu və mövqeyi təyin edilməlidir. İlk növbədə mürəkkəb xarici və daxili şərtlərin təsiri öyrənilməli, milli təhsilin rəqabətə davamlılığı ilə yanaşı sosial-iqtisadi sahələrə dair siyasətin səmərəsi təhlil olunmasıdır. Çünki. Dövlətin milli  təhlükəsizlik maraqları həm də sosial sahədə yerli təhsilin rəqabət qabiliyyəti ilə də müəyyən edilir.
Təhsil təhlükəsizliyinin meyyarları, göstəriciləri və əhatəsi müəyyən edilməlidir. Onların keyfiyyət və kəmiyyət baxımından kompleks tətbiqinə nail olunmalıdır. Təhsil təhlükəsizliyinin ümumi artım meylini və səviyyəsini qiymətləndirməyi və mahiyyətini müəyyən etmək üsulları işlənməlidir. Hazırda dövlətin təhsil təhlükəsizliyinin təmin edilməsi mexanizminin hazırlanması üçün iqtisadi-sosial təhdidlərin ölçülməsinə və dəqiqləşdirilməsinə sistemli yanaşma gündəmə gəlməkdədir. Sistemli yanaşma belə bir nəticəyə gəlməyə imkan verir ki, ölkənin iqtisadi-sosial təhlükəsizliyinin təminatının əsasında dövlətin sabit və məqsədyönlü fəaliyyəti dayanmalıdır. Buradan da aydın olur ki, təhsil siyasətinin prioritetləri məhz iqtisadi-sosial təhlükəsizliyin dövlət tərəfindən təmin olunmasının konkret şərtləri aşağıdakı istiqamətlərində öz əksini tapmalıdır:
     - milli iqtisadiyyatın rəqabətqabiliyyətli olmasına və rəqabət üstünlüklərinin dövlət tərəfindən himayəsinə dair tədbirlər;
      - əhalinin yaşayış səviyyəsinin artmasına, onların güzəranının yaxşılaşmasına, təhsilin rəqabətədavamlı olması məqsədilə dövlətin həyata keçirdiyi tədbirlər.
Təhsil hər hansı bir dövlətin təhlükəsizliyinin mühüm komponentlərindən biri olaraq bilavasitə onun inkişaf səviyyəsindən asılıdır. Dövlətin təhsil siyasəti onun milli təhlükəsizliyinin təmin olunması sisteminin vacib elementlərindən biridir. Təhsil milli təhlükəsizliyinin bütün səviyyələrinə (cəmiyyət, dövlət, vətəndaş) öz təsirini göstərir. Bəllidir ki, ixtisaslı kadrlar olmadan Azərbaycanın iqtisadi və hərbi təhlükəsizliyinin təminatı qeyri mümkündür. Elmi araşdırmalar olmadan isə texnoloji təhlükəsizliyi təsəvvür etmək olmaz. Xalqın intellektual potensialının qorunması və inkişafı ölkənin sürətli iqtisadi və sosial tərəqqisi üçün dövlətin imkan potensialını genişləndirir. Azərbaycan Respublikasının milli təhlükəsizliyi təhsil siyasətinin bir sıra əsas sahələrində fundamental dəyişiklik aparılmadan təmin edilə bilməz. Bu gün təhsilə yönəldilən xərclər əslində “gələcəyə investisiya” deməkdir.
Aparılan tədqiqtların təhlilləri nəticəsində belə qənaət yaranır ki, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan tədbirlər ardıcıllıqla həyata keçirilməlidir. İlk növbədə təhsilin daxili və xarici “intellektual bazarlarda” rəqabətə davamlılığı qorunmalıdır. Bunu isə yalnız rəqabətin real imkanlarının daim inkişafı və təkmilləşdirilməsi hesabına həyata keçirmək olar. İkinci, Azərbaycan əhalisinin yaşam səviyyəsinin Avropa standartlarına yaxınlaşdırılmasına əsas etibarı ilə həyatın keyfiyyətinə xarici və daxili amillərin təsir və əks-təsirini nəzərə almaqla nail olmaq olar.
Qloballaşmanın müasir meyar və göstəricilərinə müvafiq olaraq, inkişaf etmiş ölkələr milli iqtisadiyyatının rəqabət qabiliyyətini artırırlar. Azərbaycan həmin göstəricilər üzrə layiqli yerlərdən birində qərar tutması qardaş Türkiyə Respublikası da daxil olmaqla Cənubi Qafqaz və Qara dəniz hövzəsi iqtisadi zonasının aparıcı dövləti olaraq önə çıxması ən vacib amil kimi bu irəliləyişə şərait yaradır. Bu problemə Türkiyənin də ciddi yanaşması aparılan uğurlu nefti və investisiya qoyuluşu siyasəti ilə xarici iqtisadi təhlükəsizliyin təmin olunması beynəlxalq müqavilələrlə möhkəmləndirilmişdir.
Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması təhsilimizin təhlükəsizliyinə mane olan amillərin aradan qaldırılmasına zəruri şərait yaradır. Ölkənin iqtisadi təhlükəsizliyinə təhlükə yaranmaması üçün ölkənin qeyri-neft-təhsil sahələrinin davamlı inkişaf etdirilməsinə diqqət yetirilir. Bunun üçün xarici ölkələrin inverstisiyasına deyil, daxili resurslara söykənən investisiyalara daha çox üstünlük verilir.
Bununla yanaşı, bu gün MDB-də ali təhsilin iqtisadiyyatın məqsəd və tələblərinə uyğulaşdırılması tendensiyası mövcuddur. Belə şəraitdə ali təhsilin missiyası dar, pragmatik düşüncəli və eqoist maddi maraqları ilə fərqlənən iş adamı və ya məmurdan ibarət bir tərəfli tələbatın uyğunlaşdılmasına yönəldilir. Bu sifarişlərin ali təhsilin müasirləşdirilməsi və modernləşdirilməsinə qadir olduqlarını zənn edilməsi gənclərin intellektual və mənəvi inkişafına, ölkələrin sivil inkişafına ciddi təhlükə yaradır.
Son on il ərzində Azərbaycan Respublikasında təhsilin təhlükəsizliyi köhnə təhsil sisteminin əsaslı şəkildə yıxılmasına və onu Qərbin inkişaf etmiş ölkələrindəkinə  uyğun yeniləşdirmək səyləri ilə təhdid olunmuşdur. Bəllidir ki, Avropa təhsil ictimaiyyəti hazırda “Boloniya Bəyannaməsi” adlanan transformasiya dövrü keçirir. Məqsəd fundamental prinsiplərə əsaslanan Ümumavropa təhsil sisteminin formalaşdırılmasıdır. Sirr deyil ki, avropalılar bu gün bütün Avropanı “vahid dünya” kimi tanıdırlar. Lakin ali təhsil cəmiyyətin formalaşmasına böyük təsir göstərən olduqca mühüm sahədir və bu səbəbdən təhsil sistemlərinin parçalanması və  “müxtəlifliyi” Avropa birliyinin “möhkəmlənməsinin” qarşısını alır. Birlik əmək, amtəə və kapitalın azad dövrüyəsini nəzərdə tutur. Təbiidir ki, belə halda ali təhsildə ixtisas dərəcəsi üçün ortaq meyarın müəyyən edilməsinə ehtiyac yaranır. Çünki bunsuz yüksək ixtisaslı kadrların sərbəst fəaliyyət mübadiləsi mümkün deyildir. “Boloniya Bəyannaməsi”nin icrası nəticəsində Avropa ali təhsili əsasən daha çox əmək bazarına yönəlmiş praqmatik prosesə çevrilir. İki mərhələli sistem təhsildə “istehsal dövrünü” azaldılmasına, kütləvi təlimin əsas səviyyədə aparılmasına və sonrakı mərhələdə seçimli (əsasən ödənişli) təhsilin həyata keçirilməsinə imkan yaradır. Bu isə Avropa təhsilinin rəqabət qabiliyyətini artıran amil kimi dərk olunur.
Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinin rəqabət üstünlüklərinin gələcəkdə qorunub saxlanılmasına yönəldilən iqtisadi siyasətin prioritetləri təhsil təhlükəsizliyin səviyyəsinin artırılmasına təminat verməlidir. Bu məqsədlə Azərbaycanın milli iqtisadiyyatında əsaslı struktur dəyişikliklərinə daha çox sürət verilməlidir. İqtisadiyyatda ayrı-ayrı müəssisələrlə yanaşı, bütünlükdə sənaye sahələrinin strukturca yenidən qurulması layihələri çoxaldılmalıdır. Nəzərə alınmalıdır ki, layihələrin hazırlanması zamanı dəyişikliyin məqsədi yalnız iqtisadiyyatın texnika, texnologiya çərçivəsi ilə deyil, daha çox insan amilinin həyat şəraitinin yaxşılaşdırılmasına, millətin sağlamlığlının qorunmasına təhsilin iunkişafına təminat verən şərtlərlə əhatələnməlidir. Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bununla bağlı belə deyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.
Bu məsələ Azərbaycan Respublikası üçün Avropa inteqrasiyası kontekstində də vacibdir. Öz inkişafında dövlət hansı yola üstünlük verəcək. Ən yaxşı Avropa nümunələrini əldə edərək, eyni zamanda yerli ənənələri, mədəniyyəti, təhsilin yüksək səviyyəsini qorumaq  və ya əksinə - əvvəlki nəsillərin elmi irsindən imtina edərək, Avropa təhsil ənənəsini qəbul etmək? Azərbaycanın təhsil sistemi I Pyotrun əsasını qoyduğu və Avropa köklərinə malik olan  rus təhsil sistemi Çar və Sovet imperiaları əsasında qurulduğu nəzərə alınmalıdır.
“Boloniya Bəyannaməsi”nin tələbləri Azərbaycan Respublikasında ali təhsildəki bəzi taktiki məsələləri həll etməyə kömək edə bilər. Lakin strateji məsələlərin heç də hamısı həll olunmayacaqdır. MDB ölkələrinin ali təhsili Avropa təhsilinə bənzəyə bilər. Amma bununla o, Avropanın arxasınca itaətkar bir şəkildə düşünmədən gedərək bəlkə də, çox şey itirə bilər.
Eyni zamanda, milli məktəbin elmi ənənələrini nəzərə alaraq, Boloniya prosesindən MDB dövlətlərinin təhsil sisteminin fəaliyyətinin effektivliyinin artırılması üçün bir mənbə kimi istifadə etmək olar. Strategiyanın başlanğıc nöqtəsi məqsədin qoyulmasıdır. Fikrimizcə, təhsil strategiyasının məqsədi XXI əsrin meyarları və sivilizasiyanın tələblərinə uyğun olaraq MDB dövlətlərini dünyanın ən yüksək təhsilli ölkələrinin sırasına daxil edilməsidir. Yerli şərait nəzərə almadan, hətta ən inkişaf etmiş ölkələrin təhsil sitemlərinin birbaşa müxtəlif siyasi qruluşa malik dövlətlərin təhsil sistemləri ilə əvəzlənməsi fəsadlar yarada bilər.
Müasir dövrdə elm və elmi-texnoloji tərəqqi ölkənin sosial-iqtisadi inkişafını müəyyənləşdirən əsas faktorlardan biridir. Hətta təkcə iqtisadi inkişafı nəzərə alsaq belə, onun kifayət qədər uzun müddətdə davam etməsi yalnız intellektual biliyə əsaslanan innovativ iqtisadiyyat çərçivəsində əldə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırıl¬ması üzrə Dövlət Proqramı”nda deyildiyi kimi, “Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının forma¬laş¬dırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdiril¬məsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiy¬yətli edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşlar”.  Məhz belə siyasət ölkənin gələcək rifahı və milli təhlükəsizliyinin təməlinə qoyulmalıdır, çünki təhsil sistemi maddi və mənəvi istehsalın inkişafına fəal təsir göstərə bilər və cəmiyyətin əsas qüvvəsi olan istehsalçı işçilərin formalaşdırılmasını təşkil edir. Təhsil sistemi həmçinin dəyişən sosial struktur proseslərinə fəal təsir göstərir; əsrlər boyu sələflərin yadigar qoyuduğu əxlaq dəyərlərini gənc nəslə ötürülməsini təmin edən ən vacib vasitədir. Nəhayət, təhsil sistemi insanların siyasi baxışlarını təşkil edir, sosial fəaliyyətin ilkin bacarıqlarını artırır, onlara siyasi və hüquqi mədəniyyətin əsaslarını verir. Milli-mənəvi və bəşəri dəyərlərə, kreativ düşüncə tərzinə malik, müxtəlif xarici dillərə yiyələnmiş, yüksək ixtisaslı milli mütəxəssis kadrların yetişdirilməsi ali təhsil müəssisələrinin ümdə vəzifəsidir.

Hümeyir Əhmədov
                                                   Azərbaycan Respublikasının Təhsi İnstitutunun
                                                  Elmi-pedaqoji  kadr  hazırlığı  şöbəsinin  müdiri,                                  
                                                  pedaqogika  üzrə   elmlər   doktoru,   professor,
                                           Rusiya   Təhsil   Akademiyasının xarici üzvü
шаблоны для dle 11.2
Baxılıb: 81 Tarix: 29-04-2019, 11:49