GƏLƏCƏYƏ HESABLANMIŞ STRATEGIYA

Bütün dövrlərdə cəmiyyətin inkişafında təhsil həlledici amil olmuşdur. Bu istiqamətdə müstəqillik əldə edildikdən sonra ölkəmizdə milli təhsil sisteminin yaradılması üçün ciddi təhsil islahatlarına start verildi. Adətən təhsil islahatları tədrici yolla həyata keçiriləndə daha effektiv olur. Lakin ölkəmiz müstəqillik əldə etdiyi dövrdə dünya təhsil sistemi artıq əzəmətli yeni innovasiyaların işığında nurlanırdı. Bizim isə qarşımızda keçən əsrin 70-ci illərinə qədər dünya təhsil sistemində hegemon yerini qoruyan, 70-ci illərdən sonra isə islahatlar həyata keçirərək, innovasiyalar tətbiq edərək təhsil sistemini müasirləşdirmək əvəzinə, mövcud sistemi yeniliklər adı ilə təkrarlar içərisində daha da qəlizləşdirən, nəticədə dünya təhsil sisteminin uğurlarından çox geri qalan, sovet təhsil sistemindən uzaqlaşmaq məqsədi dururdu.Təhsil tarixinə ekskurs etsək, aydın olar ki, 60-70-ci illərə qədər təhsilin fəlsəfəsi mənimsəmə episentri üzərində köklənmişdi. Bu dövrlərdə Sovet hökuməti dünyada ən öncül təhsil sistemini qura bilmişdi. 70-ci illərdən etibarən dünya təhsil sisteminin fəlsəfəsi inkişaf episentri üzərində qurulmağa başlayanda metodiki cəhətdən yeniliklərə imza atılsa da SSRİ təhsilin yeni fəlsəfə üzərində köklənməsini həyata keçirə bilmədi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində təhsilin fəlsəfəsi yenilənməli, mənimsəmə konsepsiyasından inkiçaf konsepsiyasına keçid həyata keçirilməli idi. Bu reallığı aydınlığı ilə görən təhsil işçiləri təhsil islahatlarında tədricilik yoluna üstünlük versələrdə, bu yolla qarşıda duran məsələlərin asanlıqla həll oluna bilməyəcəyini görür, tədricilik yolu ilə bərabər zəruri köklü dəyişikliklərə də yer verirdi. Təbii ki, belə dəyişikliklər zamanı bütün nyuanslar nəzərə alına bilmir, yeni çatışmazlıqlar meydana gəlir. Bu gün təhsilimizdə mövcud olan çətinliklərin əksər hissəsi bununla bağlıdır.
Təhsil zaman hadisəsidir, buna görədə təhsil sisteminə tətbiq edilən innovasiyaların səlis bir xətt üzərində inkişaf edəcəyini gözləmək utopik düşüncə olardı, zamandan asılı olaraq təhsil sistemində hər gün yeni çətinliklərin yaranması təbii hadisə kimi qiymətləndirilməlidir. Təhsilin öz təsbitini tapması strateji baxımdan onun fəlsəfəsinin düzgün müəyyən edilməsindən, nəticənin zaman müstəvisində obyektiv qiymətləndirilməsindən və qarşıya çıxan çətinliklırin korrektə edilməsi üçün uyğyn taktiki gedişlərin müəyyənləşdirilməsindən asılıdır. Bu düşüncələrlə Təhsil Nazirliyinin son bir ildəki fəaliyyətinə nəzər salmaq istərdik.
2018-ci tədris ilində Təhsil Nazirliyinin təşəbbüsü ilə "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən dəyişikliklərə (ümumilikdə qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub) nail olmasını uğurlu addım kimi qeyd edilməlidir. Dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə etmişdir. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin
təşkili, beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması, təhsil müəssisələrində psixoloji xidmətin təşkili, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib. "Təhsil haqqında” qanuna edilmiş dəyişikliklərə müvafiq olaraq cari tədris ilində yeni qaydalar tətbiq edilmişdir.
Təhsil qanununda edilən bu dəyişikliklər strateji planda atılan zəruri addım kimi qiymətləndirilməlidir.
Müəllimin cəmiyyətdə nüfuzu daha yüksək təlim hədəflərinin əldə edilməsinə təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir. Etiraf edilməlidir ki, keçən əsrin sonlarından etibarən ölkəmizdə müəllim nüfuzu
nəzərə çarpacaq dərəcədə aşağı düşmüşdür. Strateji planda çox mühüm əhəmiyyət kəsb edən bu problemi Təhsil Nazirliyi öz fəaliyyətində prioritet məsələ kimi mənalandırır və müəllim nüfuzunun artması ilə bağlı müəyyən diqqətçəkən işlər həyata keçirir. Bu fəaliyyətin nəticəsidir ki, müəllim peşəsinin nüfuzunun artmasında dinamik inkişaf hiss olunur. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclər arasında müəllimlik ixtisasını seçənlərin sayının artması, ötən illərlə müqayisədə müəllim vəzifəsində işləmək arzusunda olanların sayının nəzərəçarpacaq dərəçədə çoxalması kəmiyyət dəyişiklikləri kimi xarakterizə olunsa da, onlar bu fikrin doğruluğunu sübut etmək üçün əsas arqument kimi qiymətləndirilə bilər.
Müəllim peşəsinin nüfuzunun artmasında bir tərəfdən müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticələri, digər tərəfdən stimullaşdırıcı tədbirlər mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə, stimullaşdırıcı tədbirlərin tətbiqi istiqamətdə işlər davam etdirilməlidir. Məsələn, müəllimlərin yerli və beynəlxalq konfranslarda məruzə ilə, pedaqoji mətbuatda məqalələrlə çıxış etməsi, təhsil ilə bağlı təşkilatların maarifləndirici tədbirlərində, müxtəlif müsabiqələrdə iştirak etməsi və s. stimullaşdırıcı diferensial maaşların müəyyən edilməsi üçün əsas meyar ola bilər. Amma qeyd edilməlidir ki, keyfiyyət dəyişiklikləri müstəvisində müəllim nüfuzunun artması üçün hələ çox işlərin görülməsi tələb olunur.
Məktəbi maraqlandıran əsas problem biri, bəlkə də başlıcası təhsilin keyfiyyəti məsələsi olmalıdır. Daha dəqiq desək təhsilin keyfiyyəti məktəbin pedaqoji fəaliyyətinin nəticəsidir. Bu baxımdan məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığı mühüm əhəmiyyət kəsb edir, şagirdin məktəb fəaliyyətinə uğurla başlaması onun yüksək təlim hədəflərinə nail olmasının ilkin şərtidir.
Uşaqların məktəb həyatına psixoloji dayanıqlığını artırmaq, onların təhsil mühitinə uyğunlaşdırması imkanlarını genişləndirmək, uşaqlarda birgə fəaliyyət və ünsiyyət bacarıqlarını artırmaq, məktəbdə təlim prosesində bilik, bacarıq və vərdişlərə yiyələnmələri üçün onlarda sadə əqli əməliyyatların formalaşması
məqsədindən çıxış edərək, şagirdlərin məktəbəhazırlığı ilə bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi məzmun hazırlanmış və bu istiqamətdə həyata keçirilən işlər genişləndirilir. Keçən tədris ilində məktəbəqədər yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin əhatəliliyi 75%-ə çatdırılmışdır. Fikrimizcə, bu qruplarda məşğələlərdə məntiqi oyunların üstünlük kəsb etməsi qarşıya qoyulan hədəfə daha tez nail olmaq imkanı verir.
2008-ci ildə məktəblərdə kurikulumun tətbiqi də təhsilin keyfiyyətinin yeni səviyyəyə qaldırılması üçün atılan mühüm addımlardan biri idi. Kurukulumun tətbiqi köhnə sistemin yenisi ilə əvəz olunması prosesi idi. Bu həyata keçirilməsi cox mürəkkəb, çətin bir addım idi və onu asanlıqla həyata keçirmək, təbii ki, mümkün deyildi. Belə ki,kurikulumun tətbiqi məktəbin bütün fəaliyyətinin yeni məzmunda qurulması demək idi: təhsilin fəlsəfəsi, müəllimin rəhbərlik üslubu, müəllim – şagird münasibətləri, təlimin prinsipləri, metodları, dərsin təşkili qaydaları, dərslik, dərs vəsaitləri, qiymətləndirmə mexanizmləri dəyişməli, yenilənməli idi. Bu həcmdə işi qısa müddət ərzində səlis yerinə yetirmək sadəçə olaraq mümkün deyildi. Mətbuatda bununla bağlı gen – bol danışılıb. Yeniliklərin tətbiqi prosesində həmişə çətinliklərin yaranması müşahidə olunur. Fikrimizcə, Təhsil Nazirliyi hər bir vaxt bu çətiliklərin aradan qaldırılması müstəvisində zəruri taktiki addımlar atmışdır.
2018-2019-cu dərs ili yeni kurikulumların məktəbin sonuncu - XI sinfinə tətbiq edilməsi ilə əlamətdar idi. Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə pedaqoji, psixoloji və metodiki baxımdan bir sıra zəruri addımlar atılmışdır: dərsliklər daha da təkmilləşdirilmiş, dərsin keyfiyyətinin artırılması baxımından müəllimlər üçün yeni metodiki vəsaitlər hazırlanmış, məktəbdaxili qiymətləndirmə sistemi təkmilləşdirilmiş, məktəblərin maddi-texniki bazası daha da yaxşılaşdırılmış və s.
Məktəbdaxili qiymətləndirmə sisteminin yenilənməsi cari dərs ilində taktiki planda tətbiq edilən uğurlu dəyişiklikdir. Bir neçə il əvvəl həyata keçirilməsi tələb olunan bu dəyişiklik gec də olsa, tətbiq edildi və əsasən summativ qiymətləndirmənin təkmilləşməsinə xidmət edir. Şagirdlərin biliyinin100 ballı şkala ilə qiymətləndirilməsi, qiymətləndirmə zamanı verilən tapşırıqların dörd səviyyə əsasında tərtib edilməsi şagirdlərin biliyinin daha dəqiq ölçülməsinə şərait yaradacaq. Təbii ki, bu qiymətləndirmə mexanizmi zaman müstəvisində daha da təkmilləşəcəkdir.
XI sinfi bitirən şagirdlər bu il yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar. Bu ölkəmizin təhsil həyatında əlamətdar hadisələrdən biridir. Təbii ki, təhsilini kurikulum əsasında bitirən şagirdlərin biliyinin qiymətləndirməsi yeni məzmuna uyğun yeni qaydalar tələb edir. Təhsil Nazirliyi bu məsələyə də həssaslıqla yanaşaraq Dövlət İmtahan Mərkəzi ilə birlikdə buraxılış imtahanlarının və qəbul imtahanlarının yeni formatını müəyyən etmişlər.
Yeni modelə əsasən cari ildə abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə
(buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur.
Təklif olunan bu model öz məzmunu və mütərəqqiliyi baxımından fərqlənir. Düşünürük ki, bu imtahanlarda açıq sualların çəkisi məntiqi quruluş baxımından artırılacaq, imtahan verənlərin təkcə yaddaş meyarı əsasında deyil, həm də analiz və sintez qabiliyyətlərinin ölçülməsinə üstünlük veriləcəkdir. Fikrimizcə, yaxın gələcəkdə bütün ixtisaslar üzrə qəbul imtahanları zamanı qabiliyyət imtahanlarının keçirilməsi bu modelin daha da təkmilləşməsinə xidmət edə bilər.
Təhsil sistemində uğurlu addımlardan biri də İKT-dən istifadənin genişləndirilməsidir. Bu bir tərəfdən şəffaflığın təcəssümü kimi diqqət çəkirsə, başqa tərəfdən isə valideynlərin işini yüngülləşdirir. 2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə həm məktəbəhazırlıq qruplarına, həm də I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndirilmişdir. Fikrimizcə, bu istiqamətdə atılan uğurlu addımlar daha da genişləndirilməli və təkmilləşdirilməlidir
2018-2019-cu dərs ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri -müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunması, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması Təhsil Nazirliyinin bu gün çox vacib olan Azərbaycançılıq müstəvisində milli-mənəvi tərbiyəni prioritet kimi qəbul etdiyi anlamını verir. Qloballaşan dünyada dəyərlərimizin itməməsi üçün məktəblərdə milli-mənəvi tərbiyənin daha da gücləndirilməsi vacib problem kimi gündəmə çıxır. Fikrimizcə, bu istiqamətdə pedaqoji işlərin aparılması daha çox məktəbin üzərinə düşən əsas vəzifədir. Hər bir məktəbdə milli-mənəvi dəyərləri təbliğ və təşviq edən tədbirlər çoxalmalı, gənc nəslin milli-mənəvi dəyərlər əhatəsində böyüməsi hər günün vacib tələbinə çevrilməlidir.
Gənclərin peşə təhsilinin təkmilləşdirilməsi Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Cari tədris ilində bu aspektdə maraqlı innovasiyaya imza atılıb. Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə” təhsil mərkəzi yaradılıb, peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib, peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb (bu layihələr peşə təhsili müəssisələrinin həm məzmun baxımından, həm də onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir). "ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq başlanılıb. Cari tədris ilində "Peşə təhsili haqqında” qanunun qəbul olunması bu işlərin daha yüksək
səviyyədə həyata keçməsinə imkan verəcəkdir. Fikrimizcə, biz yaxın gələcəkdə yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin şahidi olacağıq.
Təhsil Nazirliyinin fəaliyyət sahəsi çoxşaxəlidir. Onun gördüyü işləri təhlil etmək bir məqalənin imkanları xaricindədir. Biz yalnız strateji və taktiki planda Təhsil Nazirliyinin orta məktəb müstəvisində gördüyü bəzi işləri qiymətləndirdik. Fikirləşirik ki, son bir il ərzində həm strateji, həm də taktiki baxımdan müasir keyfiyyət meyarlarına cavab verən xeyli maraqlı işlərin görülməsi, təhsilin inkişaf etdirilməsi istiqamətində əsaslı islahatların uğurla davam etdirilməsi təhsilimizin ildən - ilə daha da inkişaf edəcəyini deməyə əsas verir.
Lakin uğurlarımızla yanaşı xeyli sayda öz həllini gözləyən problemlər də vardır. Fikrimizcə, Təhsil Nazirliyi öz qüvvəsini həmin problemlərin həllinə yönəltsə, təhsilin inkişaf sürətinin artmasına təkan verər. Ən ümumi çəkildə bu problemləri aşağıdakı kimi şərh etmək olar:
-Ailə bütün dövrlərdə mühüm tərbiyə institutu kimi mənalandırılıb. Lakin valideynlərin heç də hamısı uşağın tərbiyəsi üçün zəruri biliyə malik olmur. Bu istiqamətdə məktəb valideynlərin pedaqoji maarifləndirilməsi ilə məşğul olmalıdır. Lakin bu gün məktəblə ailənin bu müstəvidə əlaqələri çox zəifləyib. Fikrimizcə, məktəb bu vəzifəni yerinə yetirmədən şagirdlərin təlim fəaliyyətində yüksək uğur qazana bilməz;
-Ölkəmizdə liseylər fəaliyyət göstərir. Onların fəaliyyətində uğurlar az deyil. Liseylər müxtəlif ixtisaslara təmayül istiqamətində fəaliyyət göstərir və onların hər birinin tədris planı var, lakin bu tədris planının tələblərinə cavab verən dərslikləri yoxdur. Onlar ümumtəhsil məktəbləri üçün olan dərsliklərdən istifadə edirlər. Fikrimizcə, litseylərdə alternativ dərsliklərin olması onların fəaliyyəti daha da yaxşılaşa bilər;
-Mənimsəmə konsepsiyası tətbiq olunanda təhsil məsələlərini pedaqoq və metodistlər həll edirdi. İnkişaf konsepsiyasının tətbiqi təhsil məsələlərinin həllində psixoloqların rolu zəruri etdi. Bu müstəvidən hadisələri qiymətləndirəndə həm yeni kurikulumların hazırlanması və tətbiqində, həm dərsliklərin təkmilləşdiril-məsində, həm müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində psixoloq, pedaqoq və metodistlərin cəlb edilməsi zəruri hadisə kimi görünür.
Təhsil dövlət və cəmiyyət həyatının elə spesifik sahəsidir ki,bu sferada görülən işlər gələcəyə,daha uzaq hədəflərə hesablanaraq strateji məqsəd daşıyır . Odur ki, bu sahəni qiymətləndirərkən təkcə diaqnostik yanaşma deyil,futroloji təhlil imkanlarından da istifadə olunması məqsədəuyğun olardı. Təhsil sferasında qiymətləndirmə apararkən elementarist yanaşma ilə kifayətlənməyərək, sistemli və kompleks yanaşma daha faydalı olardı.

Təhsil Şurasının sədri,
professor Hikmət Əlizadə
шаблоны для dle 11.2
Baxılıb: 247 Tarix: 14-05-2019, 11:03