Mir Cəlal Paşayevin yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir

24 may tarixində Bakı şəhəri 221 nömrəli məktəbdə I d sinif şagirdlərinin təqdimatında  məşhur  Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə bir daha sübut etdi ki, bacarıqlı, bilikli müəllim millətin gələcəyinə işıq saçan bir günəşdir. Təhsil Şurası İctimai Birliyinin üzvü Leyla Maqsudovanın müəllimi olduğu I d sinfi doqquz ay ərzində qazandığı bilik və bacarığı nümayiş etdirərək ənənəvi hesabat verməklə yanaşı yeni mərhələyə qədəm qoyduğunu göstərmək üçün Mir Cəlal yaradıcılığına müraciət etmişdi. 28 şagirdin hər biri özünəməxsus səmimiyyət və qürur hissi ilə valideynləri və məktəb kollektivi qarşısında çıxışdan həzz alırdılar. Bu qədər sərbəst və bu qədər hazırlıqlı altıyaşlıları hər məktəbdə görməky müyəssər olmur. Mir Cəlalın əsərləri əsasında qoyulmuş kiçik tamaşalarda milli-mənəvi dəyərlərimizin, etikamızın, tariximizin ən mühüm keyfiyyətləri əks olunmuş, səsləndirilən bütün fikirlərə Vətən sevgisi, torpaq həsrəti hopmuşdu. Leyla müəllimə öz birincilərinin dili ilə  məşhur ədibimiz Mir Cəlal Paşayevin bədii yaradıcılığının məzmununu bir tədqiqatçı bacarığı ilə izləyicilərə çatdırmaqla yanaşı, bu günün nəbzinin bu əsərlərdə necə döyündüyünü bir ssenarist məharətiylə sərgilədi. Eyni zamanda əsl peşəkar müəllimin bir əsərdən necə bəhrələnərək tərbiyəvi məqsədlərə çatma yollarının metodikasını açıqladı. Sadə bir tamaşada  “İtə ataram, yada satmaram” kəlamını əsas süjet xətti kimi istifadə edilib həm xalçatoxuma, həm boyama texnikasını bir məişət və mədəniyyət tarixi, həm işğal altında olan torpaqlarımızın itkisi, o torpaqların həsrəti ilə yaşayan nisgilli qəlblərin ağrısı, həm Vətən sevgisi, həm milli-mənəvi dəyərlərimizə xas böyük-kiçik münasibətləri elə bir vəhdət təşkil etmişdi ki, tərbiyəvi məqsədyönlülük baxımından misilsiz idi. Bir üzündə Azərbaycanın, bir üzündə Milli Qəhrəman Mübariz İbrahimovun şəkli olan pazl, “tam kamil və bilikli bir insan bütün Azərbaycan deməkdir” ifadəsi ilə Vətənə sevgi, vətənpərvərlik, qəhrəmanlıq, elmli və bilikli olmaq təqdimatın əsas qayəsini təşkil edir, müxtəlif  xalqların milli rəqslərinin təqdim edilməsi multikultural dəyərlərə də önəm verildiyini göstəridi.Müəllimin bu günki pedaqoji və psixoloji tələblərə tam cavab verən yüksək peşəkarlıqla hazırladığı bu ədəbi-bədii gecə estetik  zövqü ilə də - səhnə quruluşu, rəng ahəngi ilə də seçilir,  özünün etik kamilliyi ilə də diqqəti çəkirdi.
 Azərbaycan Təhsil Şurası Leyla Maqsudova kimi müəllim adını şərəflə daşıyan üzvləri ilə fəxr edir və onlara peşə fəaliyyətlərində daha böyük uğurlar, nailiyyətlər arzulayır.
   



шаблоны для dle 11.2
Baxılıb: 893 Tarix: 26-05-2019, 15:35