ARZULARININ QANADLARINDA



28 May- yazıçı, tərcüməçi, publisist, PSEA-nın həqiqi üzvü, professor Akif Abbasovun doğum günüdür...

Hələ orta məktəbdə - Nəriman Nərimanov adına Əli Bayramlı (hazırda Şirvan) şəhər 2 nömrəli orta məktəbində oxuyanda bir-birinin ardınca arzuları qanad açırdı: kinorejissor, jurnalist, tərcüməçi, yazıçı olacaq... Axırda müəllimlik peşəsini seçdi. M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsinə daxil oldu. Burada oxuya-oxuya sonuncu kurslarda axşamlar institutun nəzdindəki xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsində də təhsil almağa başladı. İngilis-Azərbaycan dilləri müəllimi oldu. Təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işlədi. Ta müsabiqə yolu ilə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutuna (hazırda Təhsil İnstitutu) kiçik elmi işçi vəzifəsinə qəbul olunana kimi.Bunu da qeyd edək. Orta məktəbi qurtarandan sonra bir il Əli Bayramlıda çıxan “İşıq” qəzeti redaksiyasında ədəbi işçi (müxbir) vəzifəsində işləmişdir. Əmək kitabçası burada – redaksiyada açılmışdı. Əmək kitabçasında yazılmışdı: korrektor vəzifəsinə təyin edilsin”.
Bəs niyə ədəbi işçi deyil, korrektor? Aydınlıq gətirək. Qəzetin redaktoru Möhsüm Xəlilov onu işə götürəndə bir növ ondan xahiş etmişdi: “Razılıq versən, əmrini korrektor kimi verərdim. Amma korrektorluq etməyəcəksən, ədəbi işçi kimi çalışarsan. Bilirsən niyə? Korrektor maaşı 70 manatdır, ədəbi işçi maaşı 90 manat. Subay oğlansan. Bizim korrektor Xudaverdi Gəncəliyev ailəlidir, övladları var. Başqa cür kömək edə bilmirik. Ayda bir dəfə qanorar da yazılır. Amma görürəm çətinliyi var. Onu ədəbi işçi keçirib, səni də korrektor götürərəm. Amma görürəm yox. O, korrektor kimi öz vəzifəsinin öhdəsindən yaxşı gəlir, sənin də qələmin, yazıların xoşuma gəlir.
Onda Akif:
-Möhsüm müəllim, ən etiraz etmirəm, 20 manat da - 20 manatdır. Ailəsinə kömək olar. Çox sağ olun hələ ki, mənə etimad göstərib ali təhsilim olmaya-olmaya, jurnalistika fakültəsində qiyabi də olsa təhsil almaya-almaya iş təklif edirsiniz. Mənim yaşıdlarım tikintidə, neft mədənlərində fəhlə işləyirlər. mən isə əlim quru...
-Bərəkallah, sabahdan ədəbi işçi kimi fəaliyyətə başla. Uğurlar.
1967-ci il idi. Möhsüm Xəlilov 17 yaşlı Akif Abbasovun əlini sıxdı.
Akif orta məktəbdə şagird olandan redaksiya ilə əlaqə saxlayar, məktəb xəbərlərini qəzetdə çap etdirərdi. Qabiliyyətli olduğunu görüb redaksiyada iş verdilər ona. “İşıq” qəzetindən başlayan jurnalistlik fəaliyyəti bu gün də davam edir. Müxtəlif qəzet və jurnallarda elmi-kütləvi, bədii, elmi məqalələrlə çıxış edir. 2000-ci illərdə “Təhsil, mədəniyyət, incəsənət” jurnalının redaktoru oldu. Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərlər”inin baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərlər”inin redaktorudur. Bir neçə jurnalın redaksiya heyətinin üzvüdür. Jurnalist olmağı arzulamışdı. Oldu. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl qələm” mükafatı laureatıdır.
Müəllim olmağı arzulamışdı. Kənd məktəbində müəllim işləməklə yanaşı, sonralar təxminən 6 il Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (Hazırda Bakı Qızlar Universiteti) elmi və tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmış, eyni zamanda ümumi pedaqogikadan, ixtisasa girişdən mühazirələr oxumuşdur.
Tərcüməçi olmağı arzulamışdı. Tələbəlik illərindən bu günə kimi ingilis və rus dillərindən çox saylı bədii tərcümələr edib. Respublikanın müxtəlif qəzet və jurnallarında həmin tərcümələr çap olunub. Bədii tərcümələrini (povestləri, pyesləri, hekayələri) bir yerə toplayaraq kitablar halında nəşr etdirib. Diqqət edək: “Kristi Tökerin ölümü (hekayələr)”, Uilyam Somerset Moem. “Yolagəlməz qadın (povest)”, Uilyam Somerset Moem. “Yağış (povest)”, “Yağış altında pişik (hekayələr)”, Georgi Xuqayev. “Andro və Sandro (pyes)”, Mar Bayciyev. “Duel” (pyes), “Tiflissayağı boşanma (hekayələr)”, Qrehem Qrin. “Canlılar yaşayan otaq”, “Küçə tinində hadisə“ (hekayələr), Uilyam Somerset Moem. “Edvard Barnardın ruh düşkünlüyü” (povest).
Akif Abbasov aşağıdakı birpərdəli pyesləri rus dilindən azərbaycancaya tərcümə etmiş və onlar respublika radiosunda səslənmişdir: M. Bayciyev. “Duel”, Z. Çernışeva. “Buzda ehtiyatlı ol”, Q. Kuntsev. “İstəkli adamlar üçün hədiyyə”, Y. Obuxov. “Nənə gələndə”, V. Kojevnikov. “Səhra”, Y. Ziskind. “Uğurlu skamya”, Georgi Xuqayev “Andro və Sandro”.
Yazıçı olmağı arzulamışdı. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bədii əsərlərinin 10 cildliyinin 7 cildi işıq üzü görüb. 4 romanın (“Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad”), 1 iki pərdəli pyesin (“Atatürk”), 1 bir pərdəli pyesin (“Yaxşı yoldaş”) müəllifidir. Bir çox hekayələr kitabları nəşr olunub. Diqqət yetirək: “Lələşin ayaqqabısı”, (hekayələr), “Xəyanət”, “Qaş düzəltdiyi yerdə”, “Dədəmə oxşayırsan”, “ “Gəl Məliyin dovğasına”, “Gəlin”, “Atatürk haqqında hekayələr (birinci və ikinci kitablar), “Böyük türk”, “Xallı kəpənək”, “Müdirin ayağı”, “Bir qıçlı öz atasıdır”, “Dar günün dostu”, “Geydirmə araq”, “Sənə quzu kəsim”, “Yumruq””, “Yumurta, “Hekayələr”, “Pensiya pulu .“Banu və babası”, “Atilla və babası”, “Töhmət”, “Uşaqlar üçün hekayələr” və s.
Kinorejissor olmağı arzulamışdı. Olmadı, amma dramaturq oldu. “Atatürk” pyesini yazdı. Pyes Bakıda – azərbaycanca, Ankarada türkcə nəşr olundu. Həmin pyesin motivləri əsasında Babək Abbaszadə libretto, bəstəkar Oqtay Rəcəbov “Atatürk” operasını yazdı.
“Canavar balası” və “Qırmızı qar” bədii filmlərinin redaktoru oldu (hər iki filmin ssenari müəllifi professor, yazıçı, dramaturq Ağarəhim Rəhimov, quruluşçu rejissor Mərahim Fərzəlibəyov).
Orta məktəbdə oxuyarkən alim olmaq arzusunda olmamışdı. Tale elə gətirdi ki, gəlib elmi instituta – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutuna (hazırda Təhsil İnstitutuna) gəlib çıxdı. 1987-ci ildə - namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etdi, professor elmi adı aldı, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) oldu.
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildi, Əməkdar müəllim fəxri adına layiq görüldü.
Gördüyümüz kimi pedaqogika üzrə elmlər doktoru, professor Akif Nurağa oğlu Abbasovun yaradıcılıq yolu, elmi, bədii və pedaqoji fəaliyyəti çoxşaxəlidir.
Ümumtəhsil məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri, xüsusi məktəblər üçün bir sıra dərsliklərin və əksəriyyətinin müəllifidir. Həmin dərslik və dərs vəsaitlərinə aiddir: “Ailə”, “Ailə həyatının etika və psixologiyası”, “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (professor Əbdül Əlizadə ilə), “Pedaqogika”, “Pedaqogika: müxtəsər konspekt və sxemlər”, “Milli əxlaq və ailə etikası”, “Oxu: zəif eşidən uşaqlar üçün (II, III, IV və V siniflər üçün) dərsliklər; ABC Book. I sinif üçün ingilis dili dərs vəsaiti (M. Məmmədova ilə); “İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi (V-XI siniflər üçün)”; “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət”, “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti” və s.
Professor Akif Abbasov 100-dən artıq elmi məqalənin, pedaqoji səpgili bir çox kitabların müəllifidir. Həmin kitablara nümunə kimi göstərmək olar: “Pedaqoji internatura”, “Şagirdlərin hüquq tərbiyəsi”, “VIII-X sinif şagirdlərinin ailə həyatına hazırlanması üzrə işin forma və yolları”, “Ailədə uşaqların hüquq tərbiyəsinin yolları”, “Dərsdənkənar fəaliyyət prosesində şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi”, “Ümumtəhsil məktəbi şagirdlərini ailə həyatına hazırlamağın bəzi məsələləri”, “Ümumtəhsil məktəbi şagirdlərini ailə həyatına hazırlamağın bəzi məsələləri”, “Qız gəlin köçür” (yeniyetmə və gənclərin ailə həyatına hazırlanması məsələləri), “Əli Bayramlı mətbuatı”, “Əli Bayramlı müəllimləri”, “Müəllim hazırlığına yeni yanaşmalar”, “Təhsilin modernləşdirilməsinin aktual problemlər”, “Portret cizgiləri”, “Seçilmiş əsərləri”, 12 cilddə. I və II cildlər, . və s.
Elmi rəhbərliyi ilə 30-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir.
30-dan artıq elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə edən dissertant və doktorantın rəsmi opponenti kimi çıxış etmişdir.
Professor Akif Abbasov xoşbəxt insandır! Pələng ilində doğulub. Respublika günündə dünyaya göz açıb. Ölkəmizdə 28 may Respublika günü kimi ötən əsrin 90-cı illərindən qeyd olunmağa başlamışdır. Akif müəllimin ailədondə isə bu gün iyirminci yüzilliyin 50-ci illərindən qeyd olunur.
Akif müəllim hazırda elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə dissertasiyalar üzərində işləyən bir çox tədqiqatçının elmi rəhbəri, yaxud elmi məsləhətçisidir.
Bakı Dövlət Universitetində fəaliyyət göstərən psixologiya elmləri üzrə dissertasiya şurasının (2003-2005), Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən pedaqoji elmlər üzrə dissertasiya şurasının (2006-2009) elmi katibi olub, Azərbaycan Dillər Universitetinin nəzdindəki birdəfəlik doktorluq dissertasiya şurasının və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olub. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən dissertasiya şurasının üzvüdür.
İndiyə kimi onlarla neçə-neçə kitaba, dərsliyin elmi redaktoru və rəyçisi olub.
Pedaqogika üzrə elmlər doktoru, professor, respublikanın əməkdar müəllimi, yazıçı, tərcüməsi, jurnalist Akif Nurağa oğlu Abbasov məhsuldar alim, məhsuldar yazıçı, məhsuldar tərcüməçi olmaqla yanaşı gözəl insandır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibidir. Rəhbərlik etdiyi doktorant və dissertantlara, institutun əməkdaşlarına, məsləhət üçün ona müraciət edənlərə qayğı ilə yanaşır, öz köməyini əsirgəmir.


Hümeyir Əhmədov,
pedaqogika üzrə elmlər doktoru, professor,
Rusiya Təhsil Akademiyasının xarici üzvü
шаблоны для dle 11.2
Baxılıb: 94 Tarix: 28-05-2019, 08:49