31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

Avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransda əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olimpiada ilə bağlı təqdimatla çıxış edib.

Daha sonra Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb. Ceyhun Bayramov qeyd edib ki, bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarını xatırladan Ceyhun Bayramov onun olimpiada hərəkatını stimullaşdırmaq məqsədi daşıdığını qeyd edib.

Təhsil naziri beynəlxalq olimpiadada iştirak edən yerli komandanın üzvlərinin yüksək səviyyədə hazırlığının təmin edildiyini və onlara böyük ümid bəsləndiyini əlavə edib.

ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafız Paşayev olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib. Hafiz Paşayev bildirib ki, ADA Universiteti gələcəyin vacib sahələri üzrə mütəxəssislər hazırlamağa çalışır.

Konfransda jurnalistlərə bildirilib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru “Acer” in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. Bildirilib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra "Acer" şirkəti 450 ədəd "Aspire" notbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək. 

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

шаблоны для dle 11.2
Baxılıb: 82 Tarix: 5-08-2019, 16:02