Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov nazirlik yanında  İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini İctimai Şuranın təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacağını deyib.

Firudin Qurbanov qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb.

Təhsil nazirinin müşaviri, Seçki Komissiyasının üzvü Elnur Məmmədov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlərdən, İctimai Şuranın fəaliyyət növlərindən danışıb. Nazir müşaviri İctimai Şuranın Təhsil Nazirliyinin fəaliyyətinin daha səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə inandığını deyib.

Daha sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən, təhsil eksperti, professor Şahlar Əsgərov, “XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, təhsil eksperti Nadir İsrafilov, əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktor İlqar Orucov, Biologiya üzrə fəlsəfə doktoru Ülviyyə Mikayılova, TEAS Press Nəşriyyat evi, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə, ADA Universitetində İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev, Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə İctimai Şuraya üzv seçiliblər.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.

İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir.

шаблоны для dle 11.2
Baxılıb: 202 Tarix: 4-09-2019, 20:37