Tələbələrin köçürülməsi üzrə qeydiyyat davam edir

Fevralın 1-dən start verilən tələbələrin köçürülməsi üzrə qeydiyyat prosesi davam edir. Fevralın 5-i, saat 14:00-dək ümumilikdə 906 nəfər köçürülmək, yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib. 2016-cı ildə köçürülənlərin sayı 83, 2017-ci ildə 1333, 2018-ci ildə 1897, 2019-cu ildə isə 2646 nəfər təşkil edib. 5959 nəfərdən 61-i magistratura səviyyəsindən, 129-u xaricdə yerləşən ali təhsil müəssisəsindən, 816-sı orta ixtisas təhsili müəssisəsindən, 4953 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülən və ya ixtisası dəyişdirilən tələbələrdir.

Qeyd edək ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

шаблоны для dle 11.2
Baxılıb: 99 Tarix: 6-02-2020, 10:36