Pandemiyaya qarşı mübarizədə "Biz birlikdə güclüyük!”

 
           Bu gün dünya əhalisi böyük imtahan qarşısındadır, Koronovirus (COVİD-19) epidemiyasının elan etdiyi müharibə qarşısında dünyanın ABŞ, İtaliya, İspaniya, Fransa, Çin, İran və bu kimi ölkələri aciz qalmışdır. Bu virusa yoluxanların və ölənlərin sayının  anbaan artması Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etməsini şərtləndirmişdi.  Hələlik tibb elmi bu virusu ram etməyin yollarını tapa bilmir, bütün bunlar dünya əhalisini təşvişə salmışdır. Ölkələr bu pandemiyadan daha az itki ilə çıxmağın yollarını axtarırlar, bu istiqamətdə müxtəlif modellər tətbiq olunur. Amma təhlillərdən aydın olur ki, müxtəlif olkələrdə həyata keçirilən tədbirlərin nəticələri hələ qənaətbəxş deyil, ABŞ kimi ölkədə bu virusa yoluxanların sayı yarım milyonu keçmiş, ölənlərin sayı isə 20000-i ötmüşdür. İtaliya, İspaniya, Fransa, İngiltərə, İran və s. ölkələrdə də vəziyyət qənaətbəxş deyil, virusa yoluxanların və ölənlərin sayı durmadan artır. Bir sözlə, dünya imtahan qarşısındadır və hamı etiraf edir ki, gözə görünməz düşmənin hücumunu heç kim gözləmirdi, bu səbəbdən də bu müharibəyə heç bir ölkə hazır deyildi.
      Xalqımız İlham Əliyevin prezident kimi fəaliyyət göstərdiyi illər ərzində təhlükə baş verdiyi məkana onun özünün şəxsən baş çəkməsinin, baş verən hadisə ilə yerində tanış olmasının, mütəxəssisləri dinləyərək ən zəruri və düzgün qərarlar verməsini dəfələrlə şahidi olub. Bu dəfə də belə oldu. Pandemiya elan olunan kimi Prezidentin  göstərişi ilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə yaradıldı, problemin mahiyyəti dərindən öyrənildi. Sonra,  əhalinin koronovirusa yoluxmasının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilməyə başlandı. İlk növbədə Nazirlər Kabinetinin yanında bu infeksiyanın yayılmaması və virusa yoluxmuş insanların müalicəsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi məqsədi ilə operativ qərargah yaradıldı və onun qarşısına məsul vəzifələr qoyuldu.

         Qərargahın fəaliyyətinin səmərəli xarakter daşıması üçün Prezidentin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər” haqqında fərmanına əsasən “Koronovirusla mübarizəyə dəstək fondu” yaradıldı və  Prezidentin ehtiyat fondundan 20 milyon pul həmin fonda keçirildi. Bununla yanaşı prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini fonda ianə edib. Bu xeyirxah missiyanı birinci vitse-prezident Mehriban xanım Əliyeva da davam etdirdi, fonda bir illik əməkhaqqı məbləğində ianə etdi. Ölkə rəhbərinin və birinci vitse-prezidentin bu addımı onların xalqa sonsuz məhəbbəti, Azərbaycan vətəndaşına sevgisi və ən əsası, humanizmi, insanları real təhlükədən qurtarmaq, bəlanı daha tez və az itki ilə sovuşdurmaq üçün göstərdiyi qayğısından irəli gəlir. Əhalinin sağlamlığının  qorunması həmişə prezidentin həyata keçirdiyi siyasətin tərkib hissəsi olub. Qədir bilən Azərbaycan xalqı bunu görür, bilir, olkə rəhbərinə inanır, onun siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşmişdir.

        “Koronovirusla (COVİD-19) mübarizəyə dəstək fondu”nun yaradılmasından bir neçə gün sonra ölkə əhalisi öz rəhbərindən nümunə götürərək mənəvi dəyərlərin yaşadılması yolunun davamçısına çevrildi və  bu fonda vəsaitlər keçirilməyə başlandı. Bu addımla xalqımız özünün Prezidentin ətrafında sıx birləşdiyini bildirdi. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılması da  əhali tərəfində rəğbətlə qarşılandı.
      Ölkə əhalisinin koronovirusdan qorunması məqsədi ilə həyata keçirilən ilk tədbirlər bundan ibarət oldu ki, qısa müddət ərzində sərhədlər bağlandı, təyyarə uçuşları dayandırıldı. Bu koronovirusa yoluxmuş xarici ölkə vətəndaşlarının virusu ölkəmizə gətirməsinin qarşısının alınması və yoluxmanın coğrafiyasının kiçildilməsi üçün atılan təxirəsalınmaz bir tədbir idi. Lakin bu zaman məlum oldu ki, çoxlu sayda həmyerlimiz müxtəlif məqsədlərlə xarici ölkələrdədirlər. Ölkə rəhbəri bu zaman da öz müdrük addımı ilə sübut etdi ki, o hər bir Azərbaycan vətəndaşının yanındadır, hər bir Azərbaycan vətəndaşını müdafiə etməyə hazırdır, hər bir Azərbaycan vətəndaşının taleyi onun üçün əzizdir. Prezidentin göstərişi ilə xaricində qalan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi üçün çarter reysləri açıldı. Türküyə, Rusiya, Macarıstan və başqa ölkələrdə olan vətəndaşlarımız, o cümlədən təhsil alan tələbələr ölkəyə gətirildi, onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi karantin məntəqələri təşkil olundu. Televiziya ekranlarında bu karantin məntəqələrindən hazırlanan verilişlərdən məlum oldu ki, bu məntəqələrdə insanlar üçün yüksək səviyyədə şərait yaradılmış, onlar gündə dörd dəfə qida ilə təmin edilirlər. İlk günlərdə proseslərə belə yanaşma nəticəsində koronovirusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı.

           Koronovirus infeksiyasının Azərbaycana yayılmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyev xalqa müraciət etdi,  bu müraciətdə onun narahatçılığı özünü biruzə verirdi. O hamını diqqətli olmağa, təhlükəsizlik qaydalarına riayət etməyə, infeksiyanın yayılmaması üçün evdə qalaraq, ünsüyyətin azaldılmasına, "Biz birlikdə güclüyük!” ifadəsi ilə xalqı koronovirusla mübarizədə həmrəy olmağa çağırdı.

               Koronovirusun daha çox yaşlı insanlarda ağır fəsadlar verildiyi müəyyənləşdirilən kimi, risk qrupuna aid edilən 65 yaşdan yuxarı insanların küçəyə çıxmasının məhdudlaşdırılması vacib addımlardan biri kimi mənalandırılmalıdır. Yaşlı nəslin gənc nəslin tərbiyəsində, idarə olunmasında və onların əsl vətəndaş kimi yetişməsində, o cümlədən ölkənin siyası, hüquqi,iqtisadi, sosial və b. sahələrdə inkişafında mühüm rol oynadığı, xalqımızın etnopsixologiyasında böyüyə hörmət və ehtiram adət-ənənəsi bu tələbin möhtəşəmliyini təmin etdi. Təbii ki, bu yaş qrupuna daxil olan insanlar arasında tənha yaşayanlarda var, onların ərzaq və digər zəruri vasitələrlə təmin edilməsi üçün sosial işçilər ayırd edidi, bu insanlara sosial qayğı artırıldı.
           Koronovirusla mübarizənin ilk günlərində həyata keçirilən təxirəsalınmaz tədbirlərdən biri martın ayının əvvəllərində bütün təhsil müəssisələrində fəaliyyətin dayandırılması haqqında qərarın qəbul edilməsi, dərslərin martın 29-na kimi, daha sonra isə aprelin 20-nə qədər dayandırılması ölkə rəhbərinin gənc nəslin sağlamlığının qorunmasına diqqət və qayğısının nəticəsi idi. Müəllimlərdə ölkə rəhbərinin bu addımını yüksək qiymətləndirərək, Təhsil Nazirliyinin təklifinə qoşuldular və dərsləri distant və onlayn yolla davam etdirməyə başladılar. Hazırda istər orta məktəb müəllimlərinin, istərsə də ali məktəb müəllimlərinin mütləq əksəriyyəti şagirdlərin və tələbələrin proqramdan geri qalmaması üçün xüsusi cədvəllər tərtib edərək, dərslərini davam etdirməsi, müəllimlərin gənc nəslin təhsilinə münasibətindən, ölkəmizin gələcəyi üçün yüksək ixtisaslı hərtərəfli inkişaf etmiş şəxsiyyətlər formalaşdırmaq istəyindən irəli gəlmişdir. Müəllimlərin hər birinin “evdə qal” tələbinə əməl edərək, eyni zamanda könüllü olaraq pedaqoji fəaliyyətlərini onlayn davam etdirməkləri onların prezidentin ətrafında sıx birləşdiklərinin və onun siyasətini dəstəkləmələrinin təcəssümüdür.  

          Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə işçilərinin xüsusi risk qrupuna daxil olduğunu vurğulayaraq, onların əməyini də yüksək qiymətləndirilməsi haqqında göstəriş verməsi, onun hamının əməyini yüksək dəyərləndirməsinin nəticəsidir. Bildiyimiz kimi, əhalinin sağlamlığı qayğısına qalan tibb işçiləri hər gün xəsəliyə yoluxmuş və xəstəliyi daşıyan insanlarla birbaşa təmasdadırlar, onların həyatını xilas etmək uğrunda mübarizə aparan bu insanlar gözəgörünməz düşmənin harada olduğunu bilmirlər.  Təsadüfi deyil ki, müxtəlif ölkələrin koronovirusla mübarizə təcrübəsində tibb işçilərinin, xəstələri bu təhlükədən qoruduqları zaman virusa yoluxma hallarına təsadüf edilmişdi. Başqa insanların xoşbəxtliyi naminə öz həyatlarını təhlükəyə atan bu insanlara, ölkə rəhbərinin tapşırığına əsasən əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına əlavələr edildi. Qərara əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə maaşının 5 misli məbləğində əlavələr edildi.

         Təbii ki, ölkədə koronovirusa qarşı mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin və tibbi ləvazimatların alınması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan on milyon manat məbləğində vəsait ayrılmışdır. Koronavirus epidemiyasına qarşı mübarizə işini daha səmərəli şəkildə həyata keçirilməsi məqsədi ilə ölkə başçısının iştirakı ilə  martın 28-də Bakıda  "Yeni klinika” tibb müəssisəsinin, aprelin 28-də isə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi spirt, dezinfeksiyaedici və qoruyucu vasitələr istehsal edən müəssisənin açılışı oldu.  Hazırda Prezidentin tapşırıq və göstərişi əsasında 6 modul tipli xəstəxananın tikintisinə başlanmışdı.

           Əhalinin həssas qrupları ilə da ölkə rəhbərinin xüsusi diqqət mərkəzində olmuşdur. 2020-ci ilin mart ayının 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti, həmçinin cari ilin 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən  sonrakı ayın 1-nə qədər uzadılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq yüz doxsan manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul edilmiş və bununla bağlı  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir.
         Son günlərdə isə Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilmişdir. Bu qərarda ünvanlı dövlət sosial yardımı alan ailələrin tələbə övladlarının, valideynləri I və II dərəcəli əlil və ya işsiz kimi qeydiyyata alınan, valideynləri yaşa görə əmək pensiyası və ya yaşa görə sosial müavinət alan ödənişli əsaslarla əyani oxuyan tələbələrin birillik təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan həmin həssas kateqoriyaya aid tələbələrin isə illik təhsil haqqının 50 faizi miqdarında güzəşt ediləcək. 20000 tələbəyə şamil olunacaq bu qərar əhalinin bütün sosial qruplarının dövlətin nəzarətində olduğunu, hamıya diqqət və qayğı göstərildiyini bir daha sübut edir.
         Ölkəmizdə koronavirusla mübarizə ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə, müxtəlif xəstəliklərdən - talassemiya və hemofiliya, həmçinin leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatı azalmışdır. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 11-də qanvermə aksiyası keçirmişlər. Bu aksiyasının keçirilməsində məqsəd qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir.
    31 mart 2020-ci il tarixindən 20 aprel tarixinə qədər insanların fərdi evlərini və mənzillərini tərk etməsini məhdudlaşdırmaq, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində,  istirahət və əyləncə məkanları üzrə xidmətlərin, mədəniyyət obyektlərinin, eləcə də muzey və sərgi zallarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri və s. qadağan edilmişdir. Təbii ki, elə hallar olur ki, evi tərk etmək zərurətə çevrilir, məsələn, pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə və tibbi müəssisələrinə getmək, yaxın qohumların dəfn mərasimində iştirak etmək və s., belə hallarda SMS vasitəsi ilə icazə formasında istifadə edərək, icazə almaq olar.  Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda isə evi tərk etməyə icazə verilir. Əhalinin ərzaq təminatında çətinliklərin yaranmaması məqsədi ilə kənd təsərrüfatında işlərin davam etdirilməsinə icazə verilmişdir. Bu qaydaların qorunmasında fədakarlıqla çalışan Azərbaycan polisinin əməyi böyükdür, onlar bu fəaliyyətləri ən yüksək hörmət və ehtirama layiqdir.
            Aprel ayının10-da  Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu görüşün keçirilməsində məqsəd  türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri, bu qlobal problemin mənfi təsirlərini azaltmaq üçün birgə səy göstərmələrindən ibarət idi. Bu zirvə görüşündə türkdilli dövlətlərin prezidentləri ilə yanaşı ümumdünya səhiyyə təşkilatının baş direktoru doktor Tedros Adhanom Gebreyesus da iştirak etməsi tədbirin nə qədər böyük əhəmiyyət kəsb etməsini göstərir.
          Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Beynəlxalq maliyyə qurumları  pandemiyadan yarana biləcək böhranın 2008-2009-cu ilin böhranından daha da ağır olacağını proqnoz edirlər. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi də bildirmişdir. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə ölkə rəhbəri pandemiyanın ölkə iqtisadiyyatına təsirini azaltmaq məqsədi ilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə dövlət xərclərinə yenidən baxılmasını, prioritet təşkil etməyən xərclərin ixtisar edilməsini və vəsaitlərin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmasını tapşırdı. Azərbaycan xalqı inanır ki, ölkə rəhbərinin inamlı qərarları ilə ölkə iqtisadiyyatı pandemiyanın təsirlərindən ən az itki ilə çıxacaqdır.
         Göründüyü kimi ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi və göstərişi ilə Koronovirus epidemiyasına qarşı çoxşaxəli işlər həyata keçirilir. Fəxrlə onu da qeyd etmək istərdik ki, bu gün müxtəlif ölkələr koronovirusla mübarizəyə təbbirləri çərçivəsində Azərbaycanda həyata keçirilən modeldən istifadə etməyə başlayıblar. Xarici ölkələrdə və Azərbaycanda gedən proseslər müqayisəli təhlil ediləndə, ölkəmizdə vaxtında və təxirə salınmadan həyata keçirilən tədbirlərin əhalinin sağlamlığının qorunması baxımından nə qədər əlamətdar olduğunu görünür. Çünki Azərbaycan Prezidenti İlham Əliyev üçün “Azərbaycan xalğının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür”.
           Bu gün dünya mətbuatında bir tərəfdən pandemiya ilə mübarizə yolları haqqında danışılır, ikinci bir tərəfdən bu pandemiyanın dünya arenasında kataklizmlərin başlanğıcı kimi  proqnozlar verilir. Ola bilər ki, bu proqnozlar özünü doğrultsun, ola da bilər ki, doğrultmasın, hələ heç kim bilmir ki, pandemiyanın sonu necə olacaq, dünya sabah hansı gərginliklərlə üz-üzə qalacaq. Amma bir həqiqət məlumdur.  Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməklə bütün çətinliklərə qalib gələcək. Bu reallıq pandemiyanın tüğyan etdiyi bir vaxtda prezident İlham Əliyevin fəaliyyəti ilə bir daha öz sübutunu tapdı. Məhz prezident İlham Əliyevin inamlı fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycanda  vəziyyət stabilləşir,  xəstəliyə yoluxanların sayı azalır, sağalanların sayı çoxalır. İndidən artıq məlumdur ki, Azərbaycan bu pandemiyadan ən az itkilərlə çıxan ölkələr sırasında lider mövqedə olacaq. Buna görə, hər bir Azərbaycan vətəndaşının prezidenti olan İlham Əliyevə biz təhsil işçiləri addından öz minnətdarlığımızı bildiririk.



Təhsil Şurasının sədri,  pedaqoji elmlər doktoru,
professor  Hikmət Əlizadə
шаблоны для dle 11.2
Baxılıb: 803 Tarix: 17-04-2020, 11:31