TƏQVİMİN APREL YUBİLYARI – PROFESSOR NAZİM KAZIMOV

Anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 ili bu günlərdə tamam olan Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü professor Nazim Kazımov özünün alicənablığı, dostluğa sədaqəti və mədəniyyəti ilə insanların qəlbində özünə yer tapmış nadir alimlərimizdəndir.Nazim Kazımov 1950-ci aprelin 4-də Naxçıvanda anadan olmuş, orta təhsilini 1 nömrəli məktəbdə almışdır. Onda gələcəkdə bütöv bir ömür həsr etdiyi musiqiyə həvəs hələ orta məktəb illərindən yaranmışdı. Çoxlarından fərqli olaraq, bu həvəsin keçici olmadığını, körpə qəlbdə böyük musiqi qabiliyyətinin çağladığını fəhmlə duyan valideynləri Nazimi orta məktəbdə oxuya-oxuya həm də musiqi məktəbinin tar sinfinə qoymuşlar. Musiqiyə, Azərbaycan xalq çalğı alətlərinin şahı saylıan tara vurğunluq Nazim Kazımovun gələcək həyat yolunu müəyyənləşdirib. O, orta məktəbi başa vurduğu 1966-cı ildə sənədlərini Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna vermiş və xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olunmuşdur. Lakin gələcəkdə arzularını gerçəkləşdirmək üçün orta ixtisas təhsilinin kifayət etməyəcəyini duyan, eyni zamanda, ədəbiyyatımızı da musiqimizdən az sevməyən gənc Nazim musiqi texnikumunda oxuya-oxuya 1967-ci ildə Bakı Dövlət Universitetinin qiyabi şöbəsinə də daxil olmuş, ali filoloq təhsili almışdır.1970-ci ildə texnikumu uğurla bitirib təyinatla Əli Bayramlı şəhər (indiki Şirvan) musiqi məktəbinə göndərilən N.Kazımov 3 il burada tar müəllimi işləmiş, 1973-cü ildə həm Bakı Dövlət Universitetini bitirmiş, həm də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil olmuşdur. Bu müqəddəs musiqi məbədgahında Nazim müəllim xalqımızın görkəmli sənətkarları, xalq artisti, Dövlət mükafatı laureatı professor Səid Rüstəmovdan (tar ixtisası üzrə) və xalq artisti professor Süleyman Ələsgərovdan (dirijorluq ixtisası üzrə) dərs almışdır. Nazim Kazımovun tələbə yoldaşı olmuş Əməkdar İncəsənət Xadimi, professr Oqtay Quliyev onun haqqında belə yazır: “Nazim yüksək ifaçılıq məharəti, xalq musiqisini, xüsusən də muğamlarımızı dərindən bilməsi ilə hər iki ustad sənətkarı heyran qoymuşdu. O, yüksək insani keyfiyyətləri – sadəliyi, səmimiliyi, xeyirxahlığı, alicənablığı ilə biz tələbələrin də dərin hörmətini qazanmışdı. Nazim Kazımovun ifaçılıq və müəllimlik istedadını görüb duyan və yüksək qiymətləndirən Səid Rüstəmov hələ o dövrdə yazırdı: “Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov çox qabiliyyətli və həssas musiqiçidir. Onun ifaçılıqda və pedaqoji fəaliyyətdə böyük uğurlar qazanacağına əminəm”. Həqiqətən də, Nazim Kazımov özünü çox qısa müddətdə nəinki bir musiqiçi, eyni zamanda mükəmməl bir pedaqoq kimi  göstərə bildi.1984-cü ildən 1992-ci ilədək  Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində çalışan Nazim Kazımov 1992-ci ildən  Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində işləmiş, musiqi məktəbinin direktoru kimi çoxillik təcrübəsi, idarəetmə sahəsindəki bacarığı və yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 2001-ci ildə onu vaxtilə təhsil aldığı A.Zeynallı adına Musiqi Texnikumuna- həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən bu məşhur musiqi təhsili ocağına direktor təyin etdilər. O vaxtdan həmin vəzifədə çalışaraq yüksək ixtisaslı milli musiqi kadrlarının hazırlanmasında yaxından iştirak edir.
Professor Nazim Kazımov çoxlu sayda dərs vəsaiti, proqram, metodik tövsiyə elmi-metodik məqalələrin müəllifidir. Onun qələminin məhsulu olan “Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə proqramı” (Bakı 1998), “Ümumtəhsil məktəblərində muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti” (1996), “Tar ilə fortepiano üçün pyeslər” adlı proqram, metodik vəsait və tövsiyələr, onlarca elmi məqalə həm Musiqi Akademiyasının, Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələri üçün dəyərli vəsaitlərdir.
Nazim Kazımovun əməyi dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilmişdir. 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ona əməkdar incəsənət xadimi fəxri adı, Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı verilmişdir.      
Bu günlərdə 70 illik yubileyinin sevincini yaşayan, Azərbaycan Təhsil Şurasının fəxri sədri professor Əjdər Ağayevin heç bir yaş fərqinə baxmayaraq, yaxın dostu olan professor  Nazim Kazımova daha uzun ömür, cansağlığı, işlərində yeni uğurlar arzulayırıq.шаблоны для dle 11.2
Baxılıb: 247 Tarix: 22-04-2020, 17:23