Karantin dövründə onlayn dərslər, yeni layihələr

       
 Əziz  müəllimlər! Bu gün ölkəmizdə və eləcə də bütün dünyada baş verən koronovirus pandemiyası  ilə əlaqədar karantin dövründə yaşayırıq. Buna baxmayaraq, müəllimlər müxtəlif proqramlar vasitəsi ilə şagirdlərlə dərs keçirlər. Bu təqdirəlayiq haldır və Azərbaycan müəllimlərinin karantin dövründə də gənc nəslin təlim-tərbiyəsi istiqamətində var-qüvvəsi ilə çalışdığının bariz nümunəsidir. Hətta elə müəllimlər var ki, onlar bu prosesə yaradıcılıqla yanaşaraq müxtəlif layihələri reallaşdırırlar. Belə müəllimlərdən biri, Bakı şəhəri, Sabunçu rayonu, 271 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Təhsil Şurasının üzvü Məhəmmədova Təranə  Eyvaz qızıdır.        Təranə xanım onlayn dərslərin daha maraqlı olması üçün şagirdlərlə “Əylənərək, öyrənirik” adlı  layihəni həyata keçirmişdir. Hazırda da bu iş səmərəli  şəkildə davam etdirilir. Təcrübənin maraqlı və pedaqoji cəhətdən əhəmiyyət daşıdığını nəzərə alaraq onu Sizə təqdim edirik.
          Dünya  təcrübəsi göstərir ki, sürətlə dəyişən, hər an yeniləşən dünyamızda  baş verən proseslər, müəllimlərdən şagirdlərimizi dünyagörüşlü, intellektual cəhətdən hazırlıqlı, savadlı, əməksevər, özünə inamlı, müasir düşüncəli,  vətənpərvərlik  ideyalarına malik, yaradıcı təxəyyüllü, istedadlı gənclər,vətəndaşlar hazırlamağı tələb edir. Bu vəzifələri reallaşdırmaq hər bir müəllimdən öz peşəsinə yaradıcı yanaşmağı tələb edir.
       Məşhur alman pedaqoqu F.Fröbel  1837-ci ildə  Almaniyada “Kindergarden” adlı uşaq bağçası yaratmışdır və burada eksperimentlər apararaq uşaqların həyatında oyunun nə qədər böyük rolu olduğunu sübut etmişdir. F.Fröbel oyunun psixoloji tərəflərini araşdırmışdır. Onun nöqteyi-nəzərincə “Uşaqlığın ən yüksək inkişafı oyundur, çünki bu uşağın ruhunda nələrin baş verdiyinin sərbəst ifadəsidir.  Uşaqların oyunu sadəcə bir hərəkət deyildir və bir çox mənalarla doludur”. Oyunun uşaqların inkişafındakı rolu, oyun terapiyasının əhəmiyyəti barədə hər bir müəllimin və valideynin bilməsi çox vacibdir. Oyunun xüsusiyyətləri bunlardır:
-Oyun uşaqlarda zehni və fiziki fəaliyyəti artırır;
-Oyun gündəlik işlərin xaricində baş verən və maddiyyat güdməyən bir fəaliyyətdir;
-Oyunda aktiv fəaliyyət şərtdir;
-Oyun bəzi zamanlarda çox böyük diqqət tələb edir;
-Oyun müstəqil, rahat bir vəziyyət yaradır;
-Oyun uşaqların sosiallaşmasına şərait yaradır;
-Oyun prosesində uşaq özünü yaxşı tanımağı bacarır;
-Özünə inam hissi formalaşır,özünü qiymətləndirmə yüksəlir.
   Şəxsiyyətin formalaşmasında oyunun  müstəsna rolu var. Oyun prosesində uşağın emosiyaları dəqiqləşir, bacarıqlarının fərqində olur. Oyun passiv, özünə güvəni az olan uşağı da aktivləşdirir, cəsarətləndirir. Oyun qərar vermək, analitik düşünmək, problem həll etmə bacarıqlarını inkişaf etdirir. Uşaq özünə güvənməyi öyrənir, başqalarının hüquqlarına hörmətlə yanaşır və onda kollektiv iş görmə bacarığı formalaşır.
      Karantin günlərində məlum olduğu kimi uşaqlar həyətə düşə bilmirlər, təbii ki, belə halda onların öz sinif yolaşları və həmyaşıdları ilə ünsüyyətə daxil olmaq imkanları məhdudlaşır və həmişə digər şagirdlərlə birgə, ünsüyyət prosesində dərs keçən uşaqlar üçün onlayn formatda dərs nisbətən maraqsız olur. Bunu nəzərə alaraq, Təranə xanım şagirdlərin  təlimə marağını artırmaq üçün onlarla dərsi oyun üzərində qurmaq qərarına gəlmişdi. Onun fikrincə, onlayn formatda oyunların təşkili bir tərəfdən şagirdlərin bilik, bacarıq və vərdişlərlə silahlanmasına, ikinci tərəfdən şagirdlərin dərsə marağını artırmaqla bərabər, onlarda yaradıcılıqın inkişafına, istedad və bacarığın üzə çıxmasına, gün rejiminin  düzgün təşkilinə, tədqiqatçılıq, təqdimetmə, əməkdaşlıq keyfiyyətlərinin formalaşmasına, psixoloji cəhətdən uşağın  iç dünyasının, arzularının, xəyallarının, peşəyə  marağının və s. daha da inkişaf etdirimək imkanına malikdir.
      Yanaşma tərzi düz olduğuna görə, qısa müddət ərzində layihə öz nəticələrini verməyə başladı. Onlayn formatda  keçirilən dərslərdə şagirdlər onlara verilən  oyun xarakterli ev tapşırıqlarını sevə-sevə, böyük həvəslə yerinə yetirməyə başladılar.
       Təbii ki, bu oyunların keçirilməsi ilə bağlı ilk növbədə şagirdlərlə maarifləndirici söhbətlər aparılmalı idi, onlara bu tapşırıqları yerinə yetirilməsi üçün məlumat verilməli  idi. Hazırlıq mərhələsi bitdikdən sonra, Təranə xanım dediyi kimi onun ilk tapşırıqlarından biri - “Anama necə kömək edirəm?”  tapşırığı oldu. Bu tapşırığın mahiyyəti evdə qaldıqları müddətdə uşaqları gücləri çatan müəyyən ev işlərinin görülməsinə cəlb edilməsi, ən azı özünəxidmət işlərini həyata keçirməyə istiqamətləndirmək idi. Şagirdlər gün ərzində hansısa işi gördükdən sonra bu barədə qeydlər edib, yazıları müəllimə göndərməli idilər. Onların dediklərinin nə qədər reallığa uyğun olmasını müəyyən etmək üçün valideynlərdən iş görərkən onları gizli videoya çəkmələri xahiş edildi. Şagirdlər həvəslə ev işləri görüb, qeydlər aparıb müəllimə göndərdilər. Bu tapşırığa qədər evdə ançaq dərs oxuyub, boş vaxtını ya televizora baxmaqla, ya telefonda oyunlar oynamaqla keçirən şagirdlərin nə qədər ev işi görə bilmələri valideynləri heyrətləndirmişdi. Onlar etiraf edirdilər ki, şagirdlərin bu imkanlarından xəbərsiz idilər. Çox vaxt şagirdin yerinə bütün işləri valideynlər elədikləri üçün şagirdlərdə tənbəllik xəstəlik kimi inkişaf edir.
   Valideynlərin bu sözlərindən sonra Təranə xanım, öz uşaqlarını daha yaxşı tanımaları üçün valideynlər üçün anket şəklində əyləncəli suallar hazırlayıb, onların mobil telefonlarına göndərdi. Nəticədə valideynlərlə övladları arasında əyləncəli və maraqlı müsahibə alındı. Bu müsahibədə lentə alındı. Uşaqların söylədikləri  fikirlər onların istək və arzularını əks etdirirdi, nə düşündükləri haqqında tam məlumat verirdi. Əgər uşağa yaxın olmaq istəyiriksə, onun hiss və həyacanları ilə tanış olmalıyıq. Bundan uzaq olan valideyn və müəllimlər onları düzgün tərbiyə edə bilməz. Təranə xanımın bu metodikası ilə uşaqların nə düşündükləri ilə həm valideynlər, həm də müəllim (Təranə xanım) tanış oldu. Valideynlər isə uşaqlarının nə qədər maraqlı həmsöhbət olduqlarını indi bildiklərini etiraf etdilər. Bununla yanaşı onlar öz övladlarının bilmədikləri tərəflərini aşkar etdilər.
      “Təhlükələrdən özümü necə qoruyuram?” adlı video çəkiliş hazırlamaq,  “Mənim arzularım, xəyallarım”, ”Səncə gözəl gün necə olur?” və s. mövzularda esse yazıları onların iç dünyasını, arzu və istəklərini, fikirlərini valideyn və müəllimə öyrənmək imkanı verən tapşırıqlardan oldu.
        Təranə xanım tərəfindən həyata keçirilən tədbirlər içərisində “Şəklə baxıb hekayə qur”, “Mənim ailəm”, “Mənim yaradıcılığım”, “Mənim dünyam”, “Mənim uğurlarım”, “Rəsm müsabiqəsi”, “Musiqi yarışması”, “Təqlid edirəm” kimi tapşırıqlar şagirdlərin yaradıcı təfəkkürün, təxəyyülün, şəxsiyyət keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
        Şagirdlər üçün video çəkilişin bir növü olan vloqun hazırlanması da şagirdlərin marağına səbəb oldu. Burada, uşaqlar bir gün ərzində nə iş gördükləri, gün  rejiminin düzgün təşkili və şagirdlərin özləri haqqında məlumat verilirdi.
        Biliyi əylənərək öyrənmək metodu düşünmək, istənilən situasiyadan asanlıqla  çıxış yolu  tapmaq, bacarıqlarını nümayiş etdirmək, praktikaya tətbiq etmək vərdişləri formalaşdırır. Cəmiyyətə fayda verməyin başlanğıc yolunun öyrənməkdən, oxumaqdan, axtarışlar aparmaqdan keçdiyini öyrənə bilməsi üçün imkanlar genişlənir.
        Həyata keçirdiyi işlərlə bağlı Təranə xanım deyir: “Keçən tədris ilində şagirdlərimlə Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində keçirilmiş “Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi”nə qoşularaq, qaliblərdən biri olmuşuq. Həmin layihədə video çarx vasitəsilə internetdən təhlükəsiz  isifadə qaydaları təqdim edilirdi. Bu layihə şagirdlərin texnoloji bacarıqlarının formalaşmasına şərait yaratmışdı. Bunun nəticəsində karantin dövründə mən şagirdlərlə asanlıqla əlaqə saxlayıb, öz layihəmi daha asanlıqla həyata keçirə bildim.
         Tədris prosesində çalışıram ki, uşaqlarımız həyati bacarıqlara yiyələnsinlər. Onlara bacardıqlarını nümayiş etdirmək üçün müxtəlif tapşırıqlar verir, onlara öz fikirlərini, ideya və təkliflərini ortaya qoya bilmələri üçün imkan yaradıram. Bu onlarda özünə inam hissininin formalaşmasına şərait yaradır. Onların cəmiyyət üçün nələr edə biləcəklərini başa salmağa, şəxsiyyət kimi formalaşmalarına xüsusi diqqətlə yanaşıram. Onların fikirlərinə, ideyalarına, arzularına və təkliflərinə diqqətlə yanaşır, onlarda yaratmaq həvəsini inkişaf etdirərək, yaradıcı təffəkkürlərini  formalaşdırmağa və bu yolla gələcəkdə  peşə seçiminə gedən yola cığır açmağa çalışıram. Bu işlərdə valideynlərlə sıx əməkdaşlıq edirəm”.
          Bu fikirlər bu gün bütün fəaliyyətini ölkəmizin inkişafına həsr edən hər bir təhsil işçisinin, hər bir qabaqcıl müəllimin fəaliyyətinin konturlarını ehtiva edir. Biz sevinirik ki, bu gün Azərbaycan məktəbi belə müəllimlərə malikdir.шаблоны для dle 11.2
Baxılıb: 599 Tarix: 23-04-2020, 23:23