Təhsil müəssisələri fəaliyyətə mərhələli başlaya bilər

         Bu gün ölkəmiz koronovirus pandemiyası  ilə əlaqədar karantin dövrünü  yaşayır. Pandemiyanın çətinliklərini yaşadığımız bu günlərdə həkimlər, polislər, sosial işçilər, müəllimlər, jurnalistlər, könüllülər, bir sözlə hamı Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahını hər şeydən üstün tutan möhtərəm Prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına cavab olaraq, koronovirus pandemiyasına qarşı birgə mübarizə aparırlar. Xalqın bu günlərdə göstərdiyi həmrəylik sübut etdi ki, Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə daha böyük hədəflərə nail olacaqdır.        Karantin dövründə  bəzi ali məktəblər təhsilin distant formasından (ADA, UNEC və s.) uğurla bəhrələndilər. Lakin təhsilin bu formasından istifadə etməyə texniki cəhətdən hazır olmayan digər təhsil ocaqlarında müəllimlər Təhsil Nazirliyinin təklifinə böyük ruh yüksəkliyi ilə qoşularaq müxtəlif proqramların (Teams, Zoom) köməyi ilə dərsləri onlayn formada reallaşdıra bildilər. Bu çox təqdirəlayiq haldır və bu addımla Azərbaycan müəllimləri sübut etdilər ki, hər bir şəraitdə gənc nəslin təlim-tərbiyəsi istiqamətində var-qüvvə ilə çalışmağa hazırdılar. Distant təhsilin tətbiqində kifayət qədər uğurlar əldə edilsə də (distant təhsil üçün zəruri olan texniki avadanlıqlar bu təhsili əyani təhsil şəraitinə yaxınlaşdıra bilir), onlayn dərslərin həm müəllim, həm də şagirdlər üçün eyni səviyyədə əlçatan olmaması, metodiki imkanların məhdudluğu, internetin zəifliyi və c. səbəblərdən bu dərslərə bir mənalı münasibət formalaşmadı. Bəlkə də bunun səbəbi onlayn dərslərin ilk dəfə keçirilməsi və bu sahədə təcrübənin azlığı idi. Hər halda belə dərslər keçirildi və heç bir səbəb bu sahədə müəllimlərin əməyinə kölgə sala bilməz, şagirdlər və tələbələr bu müddət ərzində təlim prosesinə cəlb edildilər, yeni biliklərlə silahlandılar.  
            Son dövrlərdə mətbuatda müxtəlif ölkələrin mütəxəssisləri koronovirus pandemiyasının dünyada baş verə biləcək kataklizmlərin başlanğıcı kimi proqnoz edirlər. Bu proqnozun düz çıxıb-çıxmayacağından asılı olmayaraq, biz artıq hər bir ekstremal situasiyaya hazır olmalıyıq. Belə hadisələr insanların həyat-fəaliyyətinə maneçilik törədə bilir. Bütün sahələrdə insanların fəaliyyətində fasilələrin yaranmaması üçün yollar axtarılmalıdır. Biz təhsil işçiləri də gələcək fəaliyyətimizdə fasilələrin yaranmasına yol verməmək üçün pandemiyadan sonra distant təhsilin (distant təhsilin uğuru texniki avadanlıqlardan asılıdır) tətbiq ediməsinə, bu imkan olmadığı hallarda isə onlayn dərslərin daha da təkmilləşdirilməsinə çalışmalıyıq.  
              Son günlərdə mətbuatda dərslərin nə vaxt başlayacağı ilə bağlı fikirlər səslənir, bu təbiidir, hamı pandemiyanın bitəcəyi vaxtı səbirsizliklə gözləyir, lakin heç kim bunun dəqiq vaxtını bilmir. Xəstələnənlərin sayının getdikcə azalması pandemiyanın sonuna yaxınlaşdığımızı göstərən amil kimi diqqəti cəlb edir. Təhsil müəssisələri isə pandemiya təhlükəsinin sovuşmasından sonra öz fəaliyyətini davam etdirə bilər. Vaxtından əvvəl hər hansı bir tələsiklik yeni arzuolunmaz fəsadların meydana gəlməsinə səbəb ola bilər. Hazırda isə tamamilə düzgün olaraq, karantin rejiminin mərhələli şəkildə aradan qaldırılması üçün plan hazırlanır. Aprelin 24-də isə  Nazirlər Kabinetinin yanında Operativ Qərargahda 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılması haqqında qərar qəbul edilmişdi. Bu ölkəmizdə bu istiqamətdə qazandığımız qələbənin başlanğıcıdır.
       Fikrimizcə, təhsil müəssisələri tamamilə əminlik yaranandan sonra öz fəaliyyətlərini davam etdirə bilər. Dərslərin başlanması indiki halda hələ bir az zaman tələb edir, bu yoluxanların sayı sıfıra düşəndən sonra reallaşa bilər, bu işi mərhələli reallaşdırmaq məqsədəuyğun olardı. Düşünürük ki, ilkin olaraq, orta məktəblərin buraxılış siniflərində, ali və orta ixtisas məktəblərinin buraxılış kurslarında, karantin rejiminin tələblərinə riayət edilməklə, az sayda şagird və tələbə ilə onların təhsillərini bitirməsi üçün şərait yaratmaq məqsədəuyğun olar. Əminlik yarandıqdan sonra II mərhələdə tədricən digər şagird və tələbələrin təlim fəaliyyəti bərpa edilə bilər.        
Təhsil Şurasının sədri,
Pedaqoji elmlər doktoru, professor
Hikmət Əlizadə
    шаблоны для dle 11.2
Baxılıb: 803 Tarix: 27-04-2020, 13:12