Hər şərdə bir xeyir var, yaxud “COVİD-19” karantini təhsilimizə nə verdi

 Son aylarda bütün dünyada cəmiyyətin fəaliyyətinin iflic vəziyyətinə salmış “COVİD-19” virusunun Azərbaycan təhsilinə də vurduğu ziyan göz qabağındadır. Şagird və tələbələrin sistemli dərslərdən məhrum olmaları, təhsil müəssisələrinin cəmiyyətin gələcəyi olan gəncliyin sağlamlığı naminə qapanması ilk günlər həqiqətən böyük ajiotaja səbəb oldu və bu şəraitin yaratdığı xoşagəlməz psixoloji durum bütün təbəqələri əhatə etdi deyə bilərik. Amma, çox keçmədən vaxtında görülmüş dövlət tədbirləri və Təhsil Nazirliyinin həyata keçirdiyi proseslər– məktəblilər üçün teledərslərin yayınlanması, tələbələr üçün distant təhsil prosesinin daha mükəmməlləşdirilərək geniş auditoriyaları əhatə etməsi bu durumu bir qədər yumşaltdı. Artıq təhsilin bu formatına  qismən öyrəşəndən sonra düşünməyə başlayırsan və beynində özünə verdiyin bəzi suallara cavab aldıqda, istər-istəməz “hər şərdə bir xeyir var” nəticəsinə bir də gəlirsən... “COVİD -19” virusunun iqtisadiyyata və cəmiyyətin inkişafına səbəb ola biləcək digər sahələrə vurduğu ziyan göz qabağındadır, biz bunları tədqiq etmək fikrində deyilik, amma təhsilimiz itkiləri ilə yanaşı bəzi müsbət hallara da sahibləndi deməyə bilmərik. Ən birinci qazancımız, bütün təhsil müəssisələrinin distant təhsil prosesinə yiyələnməsi yaranmış ciddi vəziyyət durumunda  daha böyük sürətlə və qısa bir zamanda ərsəyə gəldi. Məhz bu səbəbdən bir sıra ali məktəblərin və orta məktəblərin dərslərinə elektron nəzarət imkanlarının mərkəzləşməsi imkanları yarandı. Bütün bu proseslərdə aktiv iştirak etməli olan müəllim həmkarlarımız bu günə qədər bəlkə də heç istifadə etmədikləri kompüter proqramlarına yiyələnərək onlarla işləmək bacarıqları əldə etdilər ki, bu həm müəllimlər üçün, həm də təhsil müəssisələri üçün ən xeyirli işlərdən biridir.
İkinci qazancımız , ictimai münasibətlərin daha dəyərli müstəvidə inkişaf etdirilməsi ilə bağlıdır. Son zamanlar, sirr deyil ki təhsildə ən əsas problemli məsələlərdən biri kimi, valideynlərin hər şey üçün məktəbin cavabdeh olması, pedaqoji prosesin bütün sahələri üçün müəllimləri məsul görmələri düçüncəsindən qaynaqlanan müəllim-şagird-valideyn münasibətlərinin normal inkişaf etdirilə bilməməsi idi. İndi, yaranmış bu vəziyyətlə əlaqədar olaraq təhsil prosesi valideynin iştirakı olmadan həyata keçirilə bilmir deyə, valideynlər bu prosesin iştirakşısına çevrilmək məcburiyyətindədirlər. Təbii ki, bu dəfə valideyn öz üzərinə düşən qayğı və məsuliyyətlə üz-üzə qalır və nəinki, məktəb və müəllimlərlə ünsiyyət saxlamaq, onların zəhmətinə dəyər vermək, eyni zamanda öz övladına da yaxınlaşmaq və onu tanımaq imkanlarına sahiblənir. Bax, bu məsələ bilavasitə müəllim nüfuzunu da artırır deyə bilərik. Öz doğma övladına öz evində digər gündəlik qayğılarla yanaşı təhsil alma prosesində də aktiv qüvvəyə çevrilən valideyn müəllimlik peşəsini dəyərləndirməyə başlayır.
Ali məktəblərə gəlincə isə, bunu mütləq qeyd etmək lazımdır ki, son illərin ən böyük problemi, birinci kurs tələbələrinin müstəqil işə alışdırılması ilə bağlı idi və hər ixtisasda bunu əldə etmək o qədər də asan olmurdu. Məktəb dövrlərindən daim müəllimlər tərəfindən istiqamətlənən bu tələbələr müstəqil düşünməyə, müstəqil araşdırma aparmağa, nəticələr əldə etməyə və ən əsası da məsuliyyətli olmağa o qədər də vərdiş deyildilər. Və tələbələrin böyük əksəriyyəti üçün bu sadaladıqlarımız keçərlidir. Amma, yaranmış qeyri-adi durum bütün tələbələrin artıq müstəqil olaraq distant təhsillə öz biliklərinin artırmaq məcburiyyətində qalması onları da artıq yuxarıda qeyd etdiyimiz keyfiyyətlərə yiyələnmək üçün bir meydan açdı və tələbələr, heç bir təzyiq olmadan, düşünərək, öz yolunu seçərək bu təhsil prosesinə qoşuldular ki, bu da ali məktəblərin ən böyük nailiyyətlərindən biridir deyə bilərik. Elmin gələcəyi belə tələbələrin əlindədir.
Üçüncü qazancımız, ümumilikdə təhsilin və təlimin qarşısında duran əsas məqsədlə-  namuslu, vicdanlı, Vətəninə sadaqətli, dövlətsevər vətəndaş yetişdirmək sahəsindədir ki, bunun da səbəbləri artıq hər kəsin özündə üzə çıxarmalı olduğu məsuliyyət, xeyirxahlıq, intizamlılıq və s. bu kimi inkişaf etmiş cəmiyyət üzvlərinə xas olan keyfiyyətlə ölçülür. Cəmiyyət bir toplum halında bu keyfiyyətlərə önəm verməyə, milli dövlətçiliyi dəyərləndirməyə başlayır ki, məncə yüzlərlrə keçilmiş sinif dərsi hal-hazırda içində olduğumuz bu qədər əyani dərsin effektini verə bilməz, çünki bu dərsdə müəllimin bizləri yönəltdiyi istiqamət durumdan öz təhlilimizlə doğru nəticələr əldə etmə imkanını verir.
Bizcə, “COVİD-19” karantininin təhsilimizə qazandırdığı bu keyfiyyətlər normal tədris prosesinə başladıqdan sonra da öz keyfiyyətini itirməyəcəkdir.
Gəlin, təhsilimizin inkişafı üçün bu  fürsəti də layiqincə dəyərləndirək.


Respublika Təhsil Şurası İB-nin 
sədr müavini, dosent Ülviyyə Əjdərqızıшаблоны для dle 11.2
Baxılıb: 441 Tarix: 1-05-2020, 15:29