ÖLƏN DÜNYAM...

Nə gözəl yağırdı yağış... Nə gözəl ahənglə... Bir anlığa burnuma Şuşamın ətri gəldi... Yağış sonrası Şuşamın ətri– bir-birinə qarışmış çiçəklərin, otların rayihəsi, nəm torpaq qoxusu... Quş kimi yüngül, şüşə kimi şəffaf hava... Yay yağışlarında Cıdır düşündə islanan adamların qaçaraq tanımaza-bilməzə ilk qapını döyməyi, yaxınlıqdakı bütün evlərin doqqazlarında şadyana bir hay-küy, yağış sevinci, həyat eşqi...
Bir yağışlı yay gününü xatırladım Şuşada... Maestro Niyazinin rəhbərlik etdiyi simfonik mugamı dinləyirdi hamı, bütün insanlar, bütün şəhər bu musiqi təntənəsinin sədaları altında xəyala dalmışdı sanki... Birdən elə bir yağış başladı ki, göy guruldadı, şimşək çaxdı, ruhumuzu oxşayan bu möhtəşəm musiqiyə son akkordları göylər vurdu.... Üzünü camaata çevirərək təzim edən dirijorun üz-gözündən sevinc seli axırdı, orkestrin bütün üzvləri geyimləri ilə alətləri yağışdan qorumağa çalışaraq, nəhayət ki, konsert meydanını tərk etdi və insanlar da, birdən bu sehrli aləmdən ayıldı elə bil, hamı ayaqqabılarını əlinə götürüb islanmaqdan qurtulmaq üçün Cıdır düzünə yaxın evlərə üz tutdular. Bir anlığa ətrafdakı bütün evlərin eyvanları adamla dolub-daşdı... Ev sahiblərinin od saldığı samovarların tüstüsü göyə qalxdı, hər kəs deyə-gülə yağış altda yuyunan, artıq insan axınından azad olmuş Cıdır düzünü seyr edirdi...
Biz də o gün konsert bitdikdən sonra ayaqyalın qaçanların sırasında idik. İlk girdiyimiz evin xanımı o qədər gülərüz, o qədər mehribanlıqla qarşılayırdı ki, çağrılmamış qonaqlarını, sanki illərdir bu adamların evinə pənah aparmasını gözləyirmiş. Biz də qoşulduq bu qonaqlara, artıq hər kəs bir ev sahibi idi, maraqlı söhbətlər vaxtın necə keçdiyini, yağışın nə zaman kəsdiyini belə unutdurmuşdu. Sən demə, bu evin xanımı anamın ata kəndindən imiş, gəlin olaraq Şuşaya gələn Minayə xanımın məktəbdə müəllim işlədiyini də öyrəndik, söhbətimiz bir qədər də uzandı, artıq hamı dağılışmağa başladı, biz də bir azdan Minayə xanıma qonaqpərvərliyi üçün təşəkkür edib ordan ayrıldıq. Amma nə biləydik ki, bu mehriban dünyamızın sonuna az qalıb. Çox keçmədən Şuşada kefdə-damaqda yaşayan ermənilər tərəfindən növbəti xəyanət planı həyata keçirilməyə başladı, Qarabağ müharibəsi bizim insanlıq dünyamızı məhv etdi. Bu olaylardan bir neçə il sonra eşitdik ki, Minayə müəllimənin bir şagirdi itkin düşmüş, sonra uşağın ermənilər tərəfindən təhqir olunmış cəsədini tapmışlar. Bu xəbəri eşidən müəllim qəlbi şagirdinin faciəsinə tab gətirməyərək əbədi susmuşdu...
Bu gün biz varıq– Şuşalı dünyaya malik olanlar, qismən də olsa o ruhu şagirdlərinə, tələbələrinə ötürə bilənlər, Şuşanı ən azından ürək yanğısı ilə təsvir edənlər– Xəzinə qayasından, Cıdır düzündən, Turşsudan, İsa bulağından, Şuşaya qalxan Yeddi qat yoldan şahid kimi danışa bilənlər, bəs sabah, bizdən sonra bu xatirələri çatdırıb heç olmazsa Şuşalı ruhu ölməməyə məcbur edə biləcək kimsə olacaqmı?! Bizim ölmüş dünyamızı kim dirildəcək, kim?!

Azərbaycan hökumətinin rəsmi məlumatına görə, Şuşanın işğalı nəticəsində azərbaycanlıların 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatrı, 8 muzey, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazası, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdılıb.

Ülviyyə Əjdərqızı




шаблоны для dle 11.2
Baxılıb: 201 Tarix: 8-05-2020, 14:50