Onlayn dərslər: ilk təcrübələr, ilk uğurlar

   
 
 “COVİD-19” koronavirus epidemiysının yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən cari ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi dayandırılmışdır. Pandemiya dövründə şagirdlərin təhsildən geri qalmamaları üçün Təhsil Nazirliyinin rəhbərliyi ilə virtual məktəb layihəsi teledərslər və onlayn dərslər vasitəsi ilə həyata keçirilməyə başlandı. Bu ilk təcrübə idi və hadisələrin axarı göstərir ki, hər bir məktəb müəllimi böyük vətənpərvərlik hissləri ilə bu layihənin reallaşmasına öz töhvəsini verə bildi. Televiziya ekranlarında  dəfələrlə müəllimlərin bu təcrübəsi təqdir edildi.  
         Bu gün biz Bakı  şəhəri 279 nömrəli tam orta məktəbdə onlayn dərslərin keçirilməsi təcrübəsinə nəzər salmaq istərdik. Məktəbin direktoru Südabə xanım onlayn dərslərin səmərəli təşkil edilməsi üçün ilk növbədə məktəbin müəllimləri ilə video - konfranslar təşkil etmişdi. Bu video – konfranslarda onlayn dərslərin təşkili və gözlənilən təlim nəticələrinin əldə olunması yolları, tədris materiallarının mənimsədilməsində pedaqoji ünsüyyətin təşkili, şagirdlərin eyni sinif otağında, yəni eyni məkanda olmaması baxımından onlayn  dərslərin özünəməxsusluqları, dərslərdə interaktivliyin qorunması, keçirilən dərslərin səmərəliliyini artırmaq üçün lazım olan ədəbiyyat resurslarının əlçatan olması, şagirdlərə müstəqil yerinə yetirə biləcəkləri tapşırıqların ayırd edilməsi, öyrənmənin yalnız akademik biliklərlə məhdudlaşmamağı, söhbət, dialoq, müzakirə və s. metodlarına üstünlük verilməsi, şagirdlərin müstəqil öyrənmə bacarıqlarının inkişaf etməsinə xidmət edən tapşırıqlar, layihə şəklində videoçarxlar və təqdimatlar hazırlaması məsələləri müzakirə edilmişdi.  
       Məktəbin coğrafiya fənnini tədris edən müəllim Fidan Axundova qeyd edir ki, “Pandemiya dövründə məktəblərdə təlim - tərbiyə prosesinin dayandırılması ilə əlaqədar olaraq müəllimlər şagirdlərin dərslərdən yayınması və buraxılış imtahanına hazırlaşan şagirdlərin gələcəkdə yaşayacağı problemlərə görə narahat idi. Məktəbin direktoru Südabə Abdullayevanın təşəbbüsü və rəhbərliyi ilə bizim məktəbin müəllimləri onlayn dərslərə start verdi. İlk vaxtlarda bir çox yaşlı müəllimin güclü rəqəmsal və İKT bacarıqları olmadığı üçün onlara dərslərin onlayn şəkildə keçirilməsi çətin gəlirdi. Lakin müəllimlərimiz çox böyük həvəslə qısa müddət ərzində gənc kadrlarla əməkdaşlıq etməklə, tezliklə bu problem aradan qaldırıldı və qısa zaman kəsiyində məktəbin bütün müəllimləri şagirdləri onlayn dərslərə cəlb edə bildilər”.         Təbii ki, ibtidai sinif şagirdlərini onlayn dərslərə cəlb etmək daha çətin idi. Belə ki, yuxarı sinif şagirdləri müstəqil işləmə bacarıqlarına malik olduğu halda, ibtidai sinif şagirdləri haqqında bunu demək bir az çətin idi. Lakin dərslərin keçirilməsi ibtidai sinif şagirdləri üçün daha zəruri idi, onların proqramdan geri qalmasına heç cürə yol vermək olmazdı.  Bu reallığı qəbul edən ibtidai sinif müəllimləri onlayn dərslərə daha məsuliyyətlə, daha həssas yanaşmağa başladılar. Təbii ki, kiçik məktəblilərlə iş prosesində uğur qazanmaq üçün onların valideynləri ilə də əməkdaşlıq etmək vacib amillərdən biri idi. İbtidai sinif müəllimləri belə də etdilər. Onlar şagirdlərlə onlayn dərslərdən əlavə valideynlərlə əlaqə saxlayaraq, tapşırıqların icrasına metodiki rəhbərliyin və nəzarətin yerinə yetirilməsi haqqında onlara öz tövsiyyələrini verdilər. Bu yanaşma düzgün oldu və özünü döğrultdu. İbtidai sinif şagirdləri ilə onlayn dərslərə başlamaq nə qədər çətin görünsə də, müəllimlərin yaratdığı motivasiya nəticəsində, ilk günlərdən, şagirdlər dərsə maraq və həvəslə qoşuldular, onlara verilən tapşırıqları böyük ruh yüksəklikliyi ilə yerinə yetirməyə başladılar. Müəllimlərin onlarla pedaqoji iş prosesində müxtəlif metodlardan istifadə etmələri şagirdlərin fəallığını daha da artırırdı.
 
                  İbtidai sinif müəllimi Mətanət Bayramovanın deyir ki, “Ölkəmizdə pandemiya ilə mübarizədə çox işlər görülür. Həkimlər, polislər ön cəbhədə xalqımıza yardım göstərdiyi bu dövrdə, müəllimlər də arxa cəbhədə öz şagirdlərini təhsildən kənarda qoymur, hər gün onlayn dərslər keçərək şagirdlərin təhsilini davam etdirirlər. Belə çətin günlərdə hər bir insanın qələbə üçün öz töhvəsini verməsi hamının vətəndaş borcudur. Mən də öz şagirdlərimlə onlayn dərs keçirəm. Təhsil Nazirliyinin yaratdığı teledərslərin davamı olaraq şagirdlərə tapşırıqlar, testlər, əyləncəli çalışmalar verirəm. Şagirdlərim verilən tapşırıqları çox həvəslə yerinə yetirirlər. Bəzən asudə vaxtlarını səmərəli etmək üçün onlara müxtəlif əl işləri düzəltməyi tapşırırıq,  dərsdə təlim oyunlarına üstünlük veririk, hətta oxu saatımızda nağıllar da oxuyuruq. Günün sonunda isə mən və şagirdlərim faydalı işlə məşğul olmağın sevincini yaşayırıq”.
                          İbtidai sinif müəllimi Məftunə Kərimli: “Mən də digər kolleqalarım kimi dərslərimi onlayn formada təşkil edirəm. Öncə dərslərimi Zoom tətbiq proqramı ilə, indi isə Təhsil Nazrliyinin təşkil etdiyi Virtual məktəb platformasında davam etdirirəm. Artıq şagirdlər də mövcud vəziyyətə tam uyğunlaşıblar. Onlar proqramlardan düzgün istifadə qaydalarını yaxşı mənimsəyiblər. Bu proqramlar vasitəsi ilə biz daha maraqlı dərslər keçir, daha mükəmməl tapşırıqlar yerinə yetiririk. Biz həmçinin əlamətlər günləri də unutmur, onlayn formada müəyyən tərbiyəvi tədbirlər də həyata keçiririk. Bu şagirdlərlə işimizi daha maraqlı edir”
         Yuxarı siniflər də də onlayn dərslər şagirdlər tərəfindən maraqla qarşılandı. Bu bəlkə də İKT-nin nəhəng imkanlarının təsirinin nəticəsi idi, həmişə oyun oynamaq üçün istifadə edilən kompyuterdən, internetdən indi şagirdlər dərs oxumaq üçün, bilik əldə etmək üçüm yararlanırdılar. İKT-nin yeni imkanları şagirdlər tərəfindən “kəşf” edilmişdi. Müəllimlərdə bu imkanlardan bacarıqla istifadə edib, şagirdləri təlimə maraqlandıra bilirdilər. Bu müəllimlərin təcrübəsi haqqında geniş danışmaq imkanımız xaricindədir, amma bəzi məqamları təqdir etməyi özümüzə borc bildik.
         Kimya-biologiya müəllimi Təranə Rəcəbovanın dərsi həmişə olduğu kimi, onlayn formatda da şagirdlər tərəfindən maraqla qarşılandı. Həm kimya, həm də biologiya fənni öz rəngarəngliyi ilə fərqlənir. Təranə xanım bu fənləri tədris edərkən, onların inteqrativ imkanlarından maksimal yararlandığı üçün onun dərsləri həmişə şagirdlər tərəfindən maraqla qarşılanır. Eyni zamanda müəllimin dərslərin praktik xarakter daşımasına üstünlük verməsi də şagirdlərin təlimə marağını artıran amillərdəndir. Dərsdə təlim oyunlarından, rollu oyunlarından, qrupla iş metodundan istifadə edən Təranə xanım "Zoom" proqramı vasitəsilə keçirilən onlayn dərslərin də məzmununu belə qurdu. Misal kimi onun 7 "E" sinif şagirdlərinin balıq maketlərini akvariumda hazırlayaraq  təqdim etməsi dərsi necə maraqlı etdiyini göstərmək olar.
                                                       Düşünmək olar ki, onlayn dərslərin keçirilməsi İKT müəllimləri üçün daha əlçatan idi. Belə də oldu, məktəbdə İKT fənnini tədris edən məllimlər (Təranə xanım və Gülnarə xanım) şagirdlərə Alploqo proqramından istifadə edərək tapşırıqlar verirlər. Bu proqram vasitəsi ilə verilən tapşırıqlara şagirdlər böyük maraq göstərir və ən əsası onlar da bu tapşırıqların öhdəsindən yüksək səviyyədə gələ bildilər. İKT müəllimləri bununla kifayətlənməyərək, veb alətləri ilə hazırlanmış milyonçu və bu kimi oyunlarla şagirdlərlə dərsi daha maraqlı qurmağa cəhd edir və bu yolla onların bilik və bacarıqlarının inkişafına nail olmağa çalışırlar.
  Coğrafiya müəlliminin (Fidan xanım) də dərsləri şagirdlər tərəfindən maraqla izlənilir və verilən ev tapşırıqları şagirdləri yormadan onların asudə vaxtlarını səmərəli keçirtmək üçün geniş imkanlar imkan yaradırdı. Fidan xanım fənni tədris edərkən şagirdlərə elə tapşırıqlar verir ki, onlar bir tərəfdən şagirdlərdə müstəqil işləmə bacarıqlarının formalaşmasına, digər tərəfdən onların asudə vaxtının məzmunlu keçməsinə şərait yaradır. Dərsin belə təşkili edilməsi şagirdlərin dünyagörüşünün genişlənməsi üçün geniş imkanlar açır. Fidan xanım bu imkanlardan pedaqoji ustalıqla yararlanır.
              Məktəbin riyaziyyat müəllimləri (Nazəndə xanım, Gülnarə xanım, Qızbəs xanım) dərslərində həmişə məntiqi təfəkkürün formalaşmasına üstünlük verirdilər. Onlayn dərslərdə necə olacaqdı, yenə bu imkanları reallaşdırmaq olacaqdımı? Bu sual onları düşündürürdü və ən əsası odur ki, onlayn dərslərdə də bu imkanları reallaşdıra bildilər. Zoom proqramı vasitəsi ilə dialoq və diskussiyaya geniş yer verdilər. Aldıqları nıticələr inanılmaz idi, şagirdlərin dərsdə fəallığı əvvəlki qədər idi. Onlar yenə əvvəlki kimi, cəsarətlə diskussiyaya girir, arqumentlər gətirir, öz düşüncələrini sübut etməyə çalışırdılar.      
      Ədəbiyyat və tarix müəllimləri həmişə şagirdlərə Azərbaycan dilini, ədəbiyyatını, tarixini öyrətməklə yanaşı, məktəbin mənəvi mühütünün formalaşmasında və şagirdlərdə milli və vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayırlar. 279 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri (Tamilla xanım, Rəfiqə xanım, Sədaqət xanım), tarix müəllimləri (Rəna xanım, Nərmin xanım) bu istiqamətdə həmişə fərqlənmişlər. Onlayn dərslərdə də onlar şagirdlərə mənəvi dəyərlərin, milli və vətənpərvərlik hisslərinin aşılanmasına üstünlük verdilər, keçirilən hər hansı bir mövzunu təkcə şagirdlərin öyrənməsinə çalışmır, həmcinin onlarla aparılan müzakirələrdə şagirdlərdə mənəvi dəyərlərin formalaşmasına üstünlük vermələri bu dərslərin əsas məziyyətinə çevrildi. Məhz bu müəllimlərin əməyinin nəticəsində Ümummilli liderimiz Heydər Əliyevin 97 illiyinə həsr olunmuş şeir müsabiqəsində məktəbin 2 şagirdi fərqlənmə, inşa müsabiqəsində isə bur şagirdi  II yer diplomuna layiq görüldülər.                                                                                                                          
Düşünmək olardı ki, fiziki tərbiyə dərslərini onlayn keçmək mümkün deyil. Amma məktəbin fiziki tərbiyə müəllimləri (Nəzrin xanım, Natalya xanım, Nihalə xanım) dərslərini onlayn formada keçməyin yollarını axtarıb tapdılar. Onlar hərəkətləri özləri edərək videoçarx hazırlayıb şagirdlərə təqdim etdilər. Şagirdlər bu tapşırıqları yerinə yetirib, videoçarx şəklində nümayiş etdirirlər. Veb alətlərindən istifadə etməklə şagirdlərin qiymətləndirilməsi aparılır.              
    Təsviri incəsənət müəllimi Ruhiyyə xanımın fəaliyyətinin nəticəsində isə Suraxanı İcra Hakimiyyətinin Ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmasının 97 ildönümünə həsr olunmuş rəsm müsabiqəsində məktəb şagirdləri fərqlənmə diplomuna layiq görüldülər.
     Bütün dövrlərdə fizika fənninə marağın o qədər də çox olmadığı müşahidə edilib. Bunu əksər hallarda müəllimlər fənnin çətinliyi ilə əlaqələndirirlər. Amma fikrimizcə, bu səhv yanaşmadır, hər şey müəllimin fənni necə təqdim etmə metodikasından asılıdır. Maraqlıdır ki, fizika dərslərində Təranə müəllim, Xanim müəllimin ev tapşırıqları, müxtəlif təqdimatlar, model qurmaqla, layihə şəklində hazırlanmış videoçarxlar şagirdlərin fizika fənninə marağının artırmağa imkan verdi. Müəllimlər həmçinin dərslərində fizika fənninin praktik əhəmiyyətinə üstünlük verir, əyləncəli fizika tapşırıqlarından məharətlə istifadə edir, fizikanın bir elm kimi insan həyatında rolunu şagirdlərə başa salır, dərsdə diffrensial yanaşmadan istifadə edir və bu yollarla onlar fizikanı uşaqlara sevdirməyə çalışır.
                                   
       Maraqlıdır ki, məktəbdə musiqi dərsləri də onlayn formada təşkil edilir. Musiqi müəllimləri (Elmira xanım və İradə xanım) videoçarx şəklində layihələr hazırladılar. Bu layihələr şagirdlərin mənəvi-estetik tərbiyəsi istiqamətində mühüm rol oynamaqla yanaşı, şagirdlərin duyğu üzvlərinin inkişafında mühüm rol oynayır. Onlar dərslərlə yanaşı bu dövrdə onlayn “Cəngi rəqs” qrupunun və “Bənövşə“ dərnək dərslərini davam etdirirlər.
       Texnologiya müəlliminin (Zemfira xanım)  işləri də bu günlərdə diqqəti cəlb etdi. O onlayn dərslərdə uşaqlara müəyyən tapşırıqlar verir. Bu tapşırıqlar bir tərəfdən şagirdlərin asudə vaxtının səmərəli keçməsinə xifdmət edirsə, digər tərəfdən onların praktik bacarıqlarının inkişafına təkan verir. Müəllim məhz bu məqsədlərlə bu dövrdə ”Bacarıqlı əllər”dərnəyinin işlərini də  davam etdirir.
         
      Məktəbdə həm də Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant layihəsinin fərdi kateqoriyada qalibi olmuş “Gələcəyin Dahiləri” adlı Olimpiya mərkəzi də öz işini onlayn formada davam etdirir. Olimpiya mərkəzində monitorinq yolu ilə cəlb edilmiş ətraf məktəblərdən 28 şagird iştirak edirdi. İndi bu say 10 nəfərə enib, ən güclü şagirdlər bu hazırlıqda iştirak etməyə davam edir. Məktəbin bir şagirdi fınal mərhələsınə çatmışdır. Layihənin rəhbəri məktəbin direktoru Südabə Abdullayeva, təlimçisi Sevda Əsgərlidir.
             
      Bəzi şagirdlərin telefon və ya komputerləri Zoom tətbiq proqramını dəstəkləmədiyi halda, müəllimlər şagirdləri Whatsapp proqramı vasitəsi ilə dərsə cəlb edirlər. Martın 11-dən teledərslərin başlanması müəllimlərə və şagirdlərə böyük dəstək olmuşdu. Şagirdlər teledərsləri izlədikdən sonra onlara qaranlıq qalan və ya çətinlik çəkdikləri mövzularda müəllimləri ilə müzakirə edirlər. Distant təhsil adi təhsil sistemini əvəz etmir, lakin bu sistemi inkişaf etdirilərək məktəblərdə təlim-tərbiyə prosesinin davam edəcəyi dövrlərdə də həyata keçirmək məqsədəuyğun olardı.
                           `
      Mövcud koronavirus pandemiyasi səbəbindən bütün dünyada bir müddətdir ki, təhsil müəssisələrinin də fəaliyyəti dayandırılıb. Təhsil Nazirliyi gələcəyimiz olan uşaqları qorumaq naminə onlayn dərslərin keçirilməsi üçün şərait yaratdı. Bütün məktəb kollektivləri kimi, 279 nömrəli tam orta məktəbin kollektivi də direktor Südabə Abdullayevanın rəhbərliyi ilə ”Evdə qal, təhsildən qalma !" layihəsini dəstəkləyərək mühüm addımlar atmışlar. İstər Zoom tətbiq proqramı, istər Virtual məktəb layihələrinə qoşulan şagird və müəllimlər canlı ünsiyyətə üstünlük versələr də, müvəqqəti çətinliyin öhdəsindən layiqincə gəlirlər və bu fəaliyyətləri ilə onlar sübut etdilər ki, BİZ BİRLİKDƏ GÜCLÜYÜK!
                                                                                        шаблоны для dle 11.2
Baxılıb: 470 Tarix: 14-05-2020, 14:56