Təhsilimiz və tariximiz

          Azərbaycan tarixi adı ilə tədris edilən fənnin əsas məqsədi Azərbaycan adlanan məmləkətin, XX əsrdən etibarən azərbaycanlı adlandırdığımız xalqın yaşayıb tarix yaratdığı ərazinin ta qədimdən bu günədək keşməkeşli həyatının nəsillərə çatdırılaraq örnək alması, tarixi dərslərdən düzgün nəticə çıxarmaq bacarığının aşılanması, ümumi sözlə desək əsl Vətəndaş, ölkəsini sevən vətənpərvər və dövlətçilik ənənəsinə dəyər verən bir insanın yetişdirilməsidir. Yəqin ki, bunu hamı bilir. Amma bunun həmişə belə olmadığını hamı bilmir, yaşlı nəsil, orta yaşlı nəsil tariximizin bu gün təhsilimizdə önəmli yer tutması üçün uzun bir yoldan - gah gizlin, gah aşkar gedən mübarizə yolundan keçib. Bu gün Azərbaycan tarixinin Ali məktəblərdə yeni standartlara uyğunlaşdırılaraq  qeyri-ixtisas fakültələrində “Azərbaycan tarixi” kimi deyil, “Azərbaycanın müasir dövlətçilik tarixi” kimi tədris edilməsi məsələsi gündəmdədir. Əslində, tədris proqramı olaraq Ali məktəblərin texniki ixtisaslar verən fakültələrində fənnin belə tədrisində heç bir qeyri-adilik yoxdur, amma bu ad altında tədris edilən fənn proqramı Azərbaycan tarixinin müasir dövlətçiliyi deyildiyi üçün yalnız 1918-ci il Azərbaycan Cümhuriyyətinin yaradılması hadisəsindən başlamalıdır ki, bu da o zaman reallaşa bilər ki, gənc nəsil Azərbaycan tarixinin 1918-ci ilədək keçdiyi yola orta məktəbdə tam yiyələnmiş olsun. Amma mövcud reallıq bunun tam əksini göstərir. Humanitar ixtisaslar üzrə hazırlaşıb bu sahələrə yönəlik təhsil alan məzunlar Azərbaycan tarixi haqqda daha dolğun məlumatlara malikdir, nəinki texniki ixtisaslar üzrə hazırlaşanlar. Göstəricilər bunu söyləməyə imkan verir ki, texniki fakültələrə qəbul olan , hətta ən yüksək balla qəbul olan tələbə adına layiq görülən gənc nəsil öz Vətəni haqda heç bir dərin biliyə malik deyil. Orta məktəblərdə şagirdlər tərəfindən  Azərbaycan tarixi dərslərinə kifayət qədər diqqət yetirilmir, çünki son illərdə məktəblər sadəcə Ali məktəblərə qəbul olub hər hansı bir ixtisasa yiyələnmə yolunda bir tramplin rolunu oynamaqdadır. Məktəblərin əsas vəzifəsi birinci növbədə Vətəninə sadiq, onu sevən, vətənpərvər kamil vətəndaş yetişdirməkdir və bu keyfiyyətlər sözlərdə deyil əməllərdə özünü göstərməlidir. Çox təəssüf ki, belə məzunları ilə öyünə biləcəyimiz məktəblərin sayı olduqca azdır. Əməldə vətənpərvər olmaq üçün “mən vətənimi sevirəm”, “onun üçün ölməyə hazıram” və s. gəlişigözəl sözlər söyləmək azdır, bunu bacarmaq lazımdır, bunu bacarmaq isə bizim Vətənimiz haqqında, onun tarixi və tarixi problemləri haqqında dərin biliyimiz olmadan mümkün deyil. Təhsilin ən birinci məqsədi Vətən tarixinin köklü öyrədilməsi və sevdirməyi aşılamaq olmalıdır.          Bir anlığa XX əsrin 80-ci illərinə qayıtmaq istəyirəm. Mənim tarix müəllimi olmaq arzum orta məktəbdə bizə tədris edilən saxta tarixə son qoymaq, onu daha düzgün işıqlandırmaq və olan hadisələrə düzgün qiymət vermək imkanı əldə etmək arzumdan irəli gəldi. Bunu mən indi - bu yaşımda dərk edirəm. Çünki keçilən bütün ictimai fənnlər o zaman siyasiləşdirilərək ancaq Sovet ideologiyasının kölgəsində qaldığından bizim bir xalq kimi özümüzü dərk etmək imkanı verən tarixi hadisələr düzgün şərh edilmirdi və biz o hadisələri kitabdan oxuyub öyrəndiyimiz kimi söylədikdə buna ən birinci etirazları baba və nənələrimizdən eşidərdik. O illərin şahidi olaraq onlar bu hadisələrə ögey münasibəti görürdülər və bizə həqiqəti anlatmağa çalışırdılar. Daş atılandan sonra, onu quyudan çıxarmaq çox çətin olur. Biz tələbə olaraq Partiya tarixi yerinə, mükəmməl Azərbaycan tarixi keçsəydik Vətənimizin tarixi düşmənlərini daha yaxşı tanıyardıq, tariximiz haqqında düzgün məlumatımız olsaydı, XX əsrin 80-ci illərinin xəyanəti bizi hazırlıqsız yaxalamazdı. Ən azından tarixi keçmişinə bələd olan, özünü Baharlı, Bayandurlu, Səfəvi xanədanının varisi hesab edən azərbaycanlı düşüncəsi formalaşdırılmalıdır gənc nəsildə. Tarixi heysiyyəti olan, kimliyini dərk edən gənclik lazımdır bizə. Azərbaycan tarixi sadəcə kredit xatirinə keçilən bir fənnə çevrilməməlidir, Vətəndaş yetişdirməyə yönəlməlidir. ABŞ-da keçirilmiş texniki fənnlər üzrə bir yarışmada qalib olmuş Azərbaycanlı gəncin “Sən belə cavan dövlətin vətəndaşı bu yarışmada necə qalib gəldin? ” sualına cavabı bu gün də məni qürurlandırır: “Sizin dörd yüzillik, mənimsə dördminillik tarixim var”. Belə gənci onun tarix müəllimi yetişdirir, ona tarixi kimliyini anlada bilən dövləti yetişdirir. Onu da unutmaq olmaz ki, bizə beş min illik tarix yaşadan Cənubi Azərbaycan adlandırdığımız məmləkətin  dövlətçilik tarixi 1925-ci ildən sonra sona çatır, İran dövlətinə çevrilir.
          Mən şəxsən bir ana, Vətənini ürəkdən sevən bir insan, dövlətinə və dövlətçiliyinə qiymət verən bir vətəndaş, orta və ali məktəb müəllimi, və nəhayət bir tarixçi kimi yeni standartlara uyğunlaşdırılan bu fənnin adının dəyişdirilmədən olduğu kimi – “Azərbaycan tarixi” olaraq qalmasını təklif edirəm, bu ad altında fənnin tədrisi həm hər iki Azərbaycanın, həm də qədimdən bu günədək müstəqil dövlətçilik tariximizə aparan mübarizə yolunun daha effektiv öyrədilməsi imkanı verir.
Ülviyyə Əjdər qızıшаблоны для dle 11.2
Baxılıb: 1 579 Tarix: 5-06-2020, 09:39