Müharibə və xalq

Bizim nəslin uşaqlıq xatirələrində ən əsas yerlərdən birini tutan cümlə, məncə, budur: “A bala, siz müharibə görməmisiz, nə bilirsiz aclıq nədir, döyüş nədir? Nəyiniz var, ona şükür edin, təki qada-bəla başımızda olmasın!”. Demək olar ki, 70-ci illlərdə doğulan hər kəs baba-nənələrindən bu ifadələri tez-tez eşidərdi, çünki müharibə illərinin məhrumiyyətlərini çəkmiş insanlar üçün artıq sülh şəraitində və bolluqda yaşayan nəslin hər bir arzusu lazım olduğundan artıq   şey sayılırdı bəlkə də, ən böyük arzusu çörək və sülh olan insanlar üçün   daha böyük, daha qanadlı arzular əlçatmaz sanılırdı. Amma, çox keçmədi, insanlar bütün yaşadıqlarına rəğmən yolunda canlarından keçdikləri dövlətin onları necə qiymətləndirdiyini, hansı “ədalət” tərəzisində olduğunu anlamağa başladılar və müstəqillik, azadlıq naminə mübarizə əsas amala çevrildi və “müharibə görməyən” nəsil onun daha murdar təzahürünün girdabına düşdü. Bu dəfə başsız qalan xalq öz igidlərini də, üstəlik torpaqlarını da itirdi, qazandığı azadlıq oldusa da, bunu da qorumaq “dost” cildli düşmənlərlə o qədər asan olmadı. O illəri görən nəsil olaraq indi biz deyirik cavanlara “siz müharibə görməmisiniz”, amma gözəl başa düşürük ki, müharibə görməsə də məğlubiyyətin acısı ilə yetişmiş gənclik kamil, qürurlu, heysiyyətli ola bilməz, nə qədər uğurlara imza atsaq da, torpaqlarını illərlə itirmiş bir xalq olaraq o töhməti ciynimizdə hamımız daşıyırıq, amma bununla hamımız barışmırıq. Və o barışmazlıqdır bütün Qarabağ döyüşlərinin qəhrəman oğullarını yetirənlər. Amma xalq ayağa qalxıbsa, bu günün gəncləri küçələrə çıxıb döyüşə getmək əzmini göstərirsə xalqın yenilməz ruhunu məngənəyə salıb yenidən boğmaq olmaz, əksinə bu çıxışları başsız qoyub böyük səhvə yol vermiş olarıq. 90-cı illəri biz görmüşük, onlar deyil, o səhvlərdən nəticəni də biz çıxarmalıyıq. Başsız qalan kütləni təxribata yönəltməyə nə var ki?  Əksinə qüvvələrdən düzgün istifadə etmək, xalqın içinə getmək, bu günün problemlərini birgə çözmək lazımdır. 
Müharibəni biz başlamamışıq – nə o zaman, nə indi, o zamanın hərc-mərcliyi, bəzi vətəndaşlarımızın  satqınlığı, sabahını düşünə bilməməsi, pulgirliyi ucbatından neçə-neçə şəhid verdik, bunu artıq bilirik, amma bu gün onların olmaması üçün nə edirik?  
Xalq dövlətin yanında, dövlət də xalqın arxasında olanda olur qalibiyyət, hərc-mərclik, özbaşınalıq, rüşvətxorluq, biganəlik, laqeydlik varsa onunla xalq da, dövlət də mübarizə aparmalıdır, çünki bütün münasibətlərin kökündə etimad və inam durur. Bu günki döyüşlər sadəcə erməni-azərbaycanlı münaqişəsi deyil, birbaşa dövlət sərhəddinə hücum faktı onu göstərir ki, Ermənistan Azərbaycan dövlətini bir heçə sayıb, bu təhqiri nə xalq, nə dövlət uda bilməz. Müharibə yaxşı iş deyil, bunu hər kəs bilir, amma müharibəyə biz sürüklənmişiksə nəyin bahasına olur-olsun ondan üzüağ çıxmalıyıq, çünki son söz qalib gələnin olur. Bu gün ürək ağrısı ilə şəhidlərimizi torpağa tapşırırıq, amma o ürəklərə su səpən yalnız işğaldan azad olunmuş torpaqlarımız ola bilər. 
Bu gün canını torpaq uğruna fəda edən xalq gələcəyinin düşmən tapdağından azad, doğma torpaqlarında olmasını istəyir, xalqın arzusu reallaşarsa dövləti daha da güclənər, çünki dövlətin gücü xalqın əzmindədir. Müharibə isə bunsuz ola bilməz.

Ülviyyə Əjdərqızıшаблоны для dle 11.2
Baxılıb: 338 Tarix: 17-07-2020, 11:01