Milli mətbuatın günü

 
Dünən milli mətbuatımızın yaranma tarixindən 145 il keçdiyi qeyd edildi. Bir anlığa Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti və Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı yadıma düşdü, “İrşad”, “Füyuzat”, “Azərbaycan” və s. XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində nəşr edilən onlarla müxtəlif mətbuat orqanlarını xatırladım və bu günlərlə müqayisə etmək istədim, amma  mətbuat tariximiz gözlərimin önündə inkişaf edərək qalxan şkala ilə deyil, qalxıb enən, indi də düpbədüz heç tərpənmədən davam edən bir xətt kimi canlandı ki, bu məni şablonvari təbrik yazmaq fikrimdən daşındırdı. Çünki mətbuatın əsas məqsədinin xalqın qəflət yuxusundan oyandırılması, yol verdiyi nöqsanlrdan necə qurtulması yollarının göstərilməsi olması o zamankı qəzet və jurnallardakı yazılardan süzülür. Bütün məqalələr istər satirik, istər publisist tonda yazılmasından asılı olmayaraq cəmiyyətin inkişafını istiqamətləndirən, nöqsanları açan, xalqa həqiqəti göstərən  keyfiyyətli, təmənnasız, ön yarğısız, obyektiv xarakter daşıyır ki, bu da o zamankı jurnalistikanın xalqına təmənnasız xidmətindən və ziyalılarımızın vicdanlı və cəsur olmasından xəbər verir.
Bu günki mətbuatımızda isə yüzlərlə qəzet və jurnalların, saysız-hesabsız jurnalistlərin olmasına baxmayaraq nə o zamankı xəlqilik və səmimiyyət, nə o zamankı təsir effekti var. Əlbəttə, düşünə bilərsiniz ki, bu gün o gün deyil, zaman dəyişib, inkişaf edib, iqtisadi durum fərqli, insanlar başqa düşüncədədir, ona görə mətbuat da fərqlidir. Bəs cəmiyyətimiz necə, toplum olaraq çoxmu dəyişmişik? Nədən bu günki problemlər, bu günki nöqsanlar sosial şəbəkələrdə yer ala bilir, mətbuatda deyil? Nədən adını jurnalist, publisist-yazar qoyanlar sırasında təmənnalı, məddah yazılarla çıxış edənlərin sayı obyektiv çıxış edənlərin sayını üstələyir? Bəli, zaman dəyişib, amma nöqsanlarımız necə, o zamanınkılardan çoxmu fərqlənir?! Onları islah etməyə ehtiyac yoxdurmu? Məncə, buna çox böyük ehtiyac var, çünki ictimai rəy cəmiyyətin hərəkətliliyini təmin edən ən əsas amillərdəndir. Mətbuat isə, dördüncü hakimiyyət sayılır, bunu unutmayın, hörmətli mətbuat işçiləri, dürüstlükdən, çətinlikdən, məhrumiyyətlərdən jurnalist çəkinməməlidir, çünki cəmiyyətin aparıcı qüvvəsi onun mətbuatıdır. Hamınızı, Milli Mətbuat günü münasibətilə təbrik edirik, azad düşüncəli, təmənnasız, dürüst və dolğun mətbu orqanlarınnın çoxalmasını arzulayırıq!
“Molla Nəsrəddin”  jurnalının 28-ci nömrəsində nəşr edilmiş bir yazını oxucularımızla paylaşıram.
Qafqaz müsəlmanlarına müjdə
O qədər yalan yazmışıq ki, doğru söz danışanda da heç kəs inanmır.
Amma bu yazdığımız xəbər səhih xəbərdir.
Oktyabr ayının 9-da idarəmizə Bakıdan “Bambılı” imzasilə bir belə teleqram gəldi: “Buranın dövlətmənd müsəlmanlarından bir nəfər, bu gün vəsiyyətnamə yazdırıb Qafqaz müsəlmanlarının uşaqlarının təlimi və tərbiyəsi üçün iyirmi doqquz milyon manat ehsan etdi”.
Bu teleqraf bizə çatan kimi, biz bu xəbərə inandıq, çünki məlumdur Bakıda indiyədək müsəlman milyonçularından millət yolunda cənab Tağıyevdən də artıq hədsiz pullar sərf ediblər.
Bu xəbəri cənab “Bambılı” poçta ilə təfsilən yazıb göndərib.
Əhvəlat bu qərar ilədir:
Haman alicənab dövlətdə Tağıyevə bərabər deyilsə məhz bir nöqtə təfavütləri var.
Oktyabrın 8-də haman vücud axşam vaxtı bir dənə piy şam yandırıb qoyub qabağına və  belə fikir edib:
“Oğlum yox, qızım yox, bir-iki nəvələrim varsa da onların da ata-babaları mənim kimi milyonlara sahibdirlər. Özümün də yaşım çatıb altmışa, bir də gördün ki, mən də yoxam. Pəs bu milyonlar necə olacaq?
Burada cənabın yadına Sədinin sözləri düşüb.
Dövləti-cavid yaft
Hər ke yavan nan xord.
Kəz əqəbeş zikri-xeyr
Zində konəd namra.
(Hər kəs ki, yavan çörək yeyər var-dövlətə sahib olar, xeyr zikr edən kəs ad-sanla yaşar- təxmini tərcüməsi –Ülviyyə Əjdər)
Bir qədər fikirdən sonra ağa dinməz-söyləməz özünün otuz milyon dövlətinin 29 milyonunu vəqf etdi ki, millət balalarına məxsus neçə qism məktəblər açılsın ki, bu məktəblər daimi mövqufatın mədaxili ilə keçinsinlər.
  Öz vəsiyyətnaməsində vücudi-bimisl iki şərti vacib və əlzəm buyurubdur. Əvvəla məktəblərin vəz və tərtibi və şəriət dərsinin proqramma məsələsi verilsin Bakıda müəllimlər ictimaində məqami-möhtərəm tutan bir alicənabın öhdəsinə və saniyən,  vəqf olunan pulların mədaxil və məsrəfi tapşırılsın İrəvan və Tiflis müsəlmanlarının başçılarına ki, vəqf olunan pullar Qafqaz müsibətzadələrinə ianə üçün cəm olunan pul ilə bir yerdə möhkəm qalıb qiyamət günündə Həzrət İsrafilin suru çalınana kimi bir yana xərclənməsinlər.


Ülviyyə Əjdər
 шаблоны для dle 11.2
Baxılıb: 300 Tarix: 23-07-2020, 10:27