Şəhid qəhrəmanlarımıza müəllim sözü...

Sizinlə qürur duyuram. Ölümlərilə ölməzliyə qovuşanlar... Heç nədən qorxmadan vətən yolunda düşmənə qarşı mərdliklə vuruşanlar... Rütbəsindən asılı olmayaraq ön sırada gedənlər...

Şəhidlər zirvəsinə qalxan “Generallar, polkovniklər, mayorlar, çavuşlar, əsgərlər”, Sizin ruhunuz qarşısında baş əyirəm, müəllim- gələcəyi quranların tərbiyəçiləri adından söz verirəm ki, sizi yaddaşlarda yaşatmaq üçün əsrlər, qərinələr durduqca əbədi varlığınızı yaşadan nəticəyönümlü şəxsiyyətlər yetişdirəcək, bu yolda əsl fədakarlıq göstərəcəyik. Çünki biz gələcəyə nə qədər böyük ümid bağlayırıqsa bir o qədər də gələcək qarşısında məsuliyyət daşıyırıq. Qəhrəmanlıq, şəhidlik zirvəsinə qalxmaq nə qədər şərəflidirsə fəzilətlər səltənətinə sahib olmağın yollarını aşılamaq o qədər çətin və şərəflidir.
Həyat insana bir dəfə verilir, onu elə yaşamaq lazımdır ki, axırda keçdiyin ömür yoluna nəzər saldıqda utanıb xəcalət çəkməyəsən.
Ömürlərini mənalı yaşayan, ölümləri ilə ölümsüzlüyə qovuşan, üçrəngli bayrağımızın Qarabağ torpağında dalğalanması üçün ömürlərini qurban verən ərənlər!
Siz vətən üçün bir şəhid yox, həm də valideyn üçün dəyərli övlad, övlad üçün əziz ata, xanımınız üçün qeyrətli arxa, istəkli əmi, dayı, qardaş... kimi köçdünüz bu dünyadan.
“Dərs oxu” deyə müraciət etmişdi, əziz qızına, Şəhidimiz. Düşünürəm ki, bu sadəcə bir kitabın içindəki elm yükünü əzbərləmək tapşırığı deyildi. Qəhrəman şəhid, yəqin ki, həyatdan aldığı dərsdən danışırdı. Heç şübhəm də yoxdur, şəhid qızı elm oxusa, çox güman ki, həmin vətənpərvər  ruh üzərində cücərmiş eşq üzrə böyüyəcəkdir.
Azərbaycanıma arxa duranları özün qoru Ya Rəbbim, Vətənimi, onun övladlarını kimsənin yanında qoyma əyilə. Üçrəngli bayrağımızı vətən göylərində elə dalğalandır ki, onun küləyindən qorxan düşmənlər bir də vətənimə, onun oğul və qızlarına kəm gözlə baxa bilməsinlər. Ali Baş Komandanın rəhbərliyi altında bizi yenilməz et, Ulu Tanrım.
Göz yaşları ilə yazdığım bu sözlərin əvəzinə xoş müjdəli bir xəbəri paylaşaq! “Qarabağımız erməni dığalarından azad oldu” sədaları altında millətimin oğlan və qızları çıxaq uca dağ başına Dədəm Qorqud tonqalı qalayaq, qoy bu tonqal düşmən üzərində qələbəmizin, azad edilmiş torpaqlarımızın, el birliyindən alınan gücümüzün rəmzi olsun!



Gülşən Hüseynova
Nərimanov rayonu, Alı Mustafayev Adına
202 Nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
2012-ci ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi.шаблоны для dle 11.2
Baxılıb: 255 Tarix: 23-07-2020, 11:45