Yaddaşlarda əbədi iz qoyan alim


 Xatirəyə çevrilmək üçün ölmək hələ bəs eləmir...


İnsan ömrü çiçək üzərindəki şeh damlasını xatırladır, günəş çıxan kimi yuvarlanıb yox olur, əcəlin gəlməsi ilə ruhlar aləminə qovuşur. Müdriklər haqlı olaraq deyirlər ki, doğumdan və ölümdən qaçmaq olmaz, bizə bu iki labüdlük arasındakı vaxtı yaxşı keçirmək qalır. Allah-təalanın doğum və ölüm arasında verdiyi ömrü gərək elə yaşayasan ki, bu dünyada olmayanda da xatırlanasan, xatirəyə çevriləsən. Xatirəyə çevrilmək üçün ölmək hələ bəs eləmir (Z.Yaqub). Gərək ürəyində kibritdən yox, haqqdan yanan çıraq ola. Sənə bəxş olunan ömür payını şərəflə, ləyaqətlə yaşayasan, yüksək əxlaq və fəzilət sahibi kimi insanlara və İnsanlığa nümunə olasan. Xeyirxahlığın, mərhəmətin, sədaqətin, məhəbbətin, sadəliyin, səmimiyyətin, geniş erudisiyan, intellektual səviyyən və cəmiyyət üçün dəyərliliyin ilə seçiləsən. Əməli-saleh, vicdanı təmiz, halal adam olasan. Ağac əkəsən, bağ salasan ki, insanlar meyvəsindən bəhrələnə, kölgəsində dincələ. Əlindən xəta, dilindən səhv söz çıxmaya, əliaçıq, süfrəsi açıq, qapısı açıq olasan, cəmiyyət üçün layiqli övladlar tərbiyə edəsən. Kitablar yazasan ki, sən bu dünyada olmayanda da oxuna, insanların əqlinə və ruhuna qida verə. Vaxt gəlib tamam olanda, dünyanı dəyişəndə səni tanıyanlar söyləyə: “dünyadan nə gözəl bir insan köçür”. Məhəmməd Peyğəmbər (s.a.v.) buyururdu ki, ömrünü elmə sərf edən insan heç vaxt ölmür! Alimlər cismən ölsələr də, ruhən ölmürlər, qələmə aldıqları dəyərli elmi əsərlərdə yaşayır, hər zaman oxunulur və beləliklə də yaddaşlara əbədi həkk olunurlar. Yaddaşlarda əbədi iz qoyan alimlərimizdən biri də tərcümeyi-halı təmsil etdiyi pedaqogika elminin tərcümeyi-halına çevrilən pedaqogika elminin mogikanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim Əjdər Əbdülhüseyn oğlu Ağayevdir.

Qırmızıkənddən başlanan ömür yolu

O, 1937-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1953/1954-cü tədris ilində Salyan şəhərindəki 2 nömrəli orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra indiki ADPU-nun tarix-filologiya fakültəsinə qəbul olunub. Ali pedaqoji məktəbi əla qiymətlərlə bitirdikdən sonra Salyan rayonunun kənd məktəblərində müəllim, tədris hissə müdiri, ictimai əsaslarla rayon təhsil şöbəsində inspektor-metodist kimi fəaliyyət göstərib, eyni zamanda dövri mətbuatda pedaqoji-metodik və publisistik yazılarla çıxış edib.1966-1969-cu illərdə Azərbaycan ETPEİ-nin (indiki Təhsil İnstitutunun) aspiranturasında əyani təhsil alıb. Apardığı elmi-tədqiqatları ümumiləşdirərək professor Ə.Seyidovun rəhbərliyi ilə “Fərhad Ağazadənin pedaqoji fəaliyyəti və görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Pedaqoji elmdə səlahiyyətli söz sahibi
Hələ tələbəlik illərində mətbuatda və kütləvi informasiya vasitələrində bədii yazılarla çıxış edən Əjdər müəllim elmi-pedaqoji səciyyəli məqalələri ilə də diqqəti cəlb edib, az bir müddətdə pedaqoji elmdə səlahiyyətli söz sahibinə çevrilib. İctimai fəallığı, zəngin nəzəri və praktik pedaqoji hazırlığı, tədqiqatçılıq səriştəsi, geniş yaradıcılıq imkanları ilə seçildiyinə görə Azərbaycan ETPEİ-də baş elmi işçi, bölmə müdiri, şöbə müdiri və elmi işlər üzrə direktor müavini işləyib. 1974-1981-ci illərdə pedaqoji biliklərin təfəkkür mərkəzi hesab edilən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olarkən jurnalın poliqrafik və elmi-nəzəri səviyyəsinin yüksəldilməsinə xeyli əmək sərf edib. “Azərbaycan məktəbi”nə əlavə nəşr olunan 7 metodik məcmuə sırasına “Məktəbdə bədən tərbiyəsi” məcmuəsini də daxil edərək böyük bir elmi-metodik pedaqoji nəşrlər kompleksinin təlim-tərbiyə prosesinə təsirini məharətlə istiqamətləndirib. Bununla da o, Azərbaycanda pedaqoji jurnalistikanın inkişafına dəyərli töhfə vermiş olub.

Mükəmməl təhsil-tərbiyə nəzəriyyəçisi

Onun yaradıcılıq kredosu çoxşaxəli olub. Əsas tədqiqat sahəsi pedaqogika tarixi olsa da, həm də mükəmməl təhsil-tərbiyə nəzəriyyəçisi kimi tanınıb. Son 50 ildə Azərbaycanda məktəb, təhsil, pedaqoji elmlərlə bağlı elə bir elmi məclis, elmi-nəzəri və praktik konfrans, elmi sessiya və yığıncaq olmayıb ki, Əjdər müəllim orada iştirak etməsin, orijinal fikirləri, yeni elmi ideyaları ilə həmkarlarının diqqətini cəlb etməsin, səmərəli və ağıllı təklif irəli sürməsin. O, respublikamızdan kənarda da ölkəmizi layiqincə təmsil edib, Moskva, Qomel, Ulyanovsk, Vilnüs, Riqa, Tbilisi, Kiyev, Minsk şəhərlərində keçirilən elmi konfranslarda maraqlı məruzələrlə çıxış edib, uzun müddət SSRİ PEA-nın pedaqogika tarixi üzrə elmi-problem şurasının üzvü olub. ABŞ, Macarıstan, Estoniya və Ukraynada vətəndaş cəmiyyəti quruculuğu-vətəndaş təhsili üzrə təcrübə mübadiləsində olub. O, həm də pedaqogikanın metodoloji problemlərinin araşdırılmasına həsr olunmuş diskussiyalarda fəal iştirak edib, mühüm elmi həqiqətlərin üzə çıxarılmasına, yeni pedaqoji nəzəriyyələrin formalaşmasına öz töhfəsini verib. Elə bunun nəticəsidir ki, araşdırmalarının elmi nəticələrindən fəlsəfə, hüquq, pedaqogika və ədəbiyyatşünaslıq üzrə tədqiqatçılar, proqram və dərslik tərtibçiləri mənbə kimi istifadə edib. Onun adı pedaqogika elminin “qızıl sacayaqları” (M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanov) və “sütunları” ilə (H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Y.Talıbov və b.) bir sırada çəkilir. Elmi xidmətləri ilə Azərbaycan pedaqogika elminin son dövr tarixinə daxil olan professor Ə.Ağayevin elmi-pedaqoji irsində məktəb və pedaqogika tarixinin öyrənilməmiş və ya az araşdırılmış məsələlərin tədqiqi, tərbiyə nəzəriyyəsi və təcrübəsinin (xüsusilə, əxlaqi-mənəvi tərbiyə) ümumiləşdirilməsi, təlim-tərbiyənin prinsip və metodlarının təkmilləşdirilməsi, təhsilin yeni məzmununun müəyyənləşdirilməsi, pedaqoji biliklərin geniş təbliği və digər məsələlər geniş yer tutur. O, ilk dəfə olaraq XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemlərini (həm də pedaqoji cərəyanları) müəyyənləşdirərək təhlilini verib. “Məktəblilərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi” (1975), “Vətəndaş olmağa borclusan” (1979), “Həyatın astanasında” (1983) kitablarında və silsilə məqalələrində şagirdlərin vətəndaşlıq tərbiyəsi işinin metodikasını işləyib, tərbiyənn bir sıra yeni prinsiplərini (xüsusilə, sahiblik prinsipini) müəyyənləşdirib.
Ə.Ağayev pedaqogikanın nəzəri-metodoloji məsələlərinin də tədqiqi ilə məşğul olub, “Pedaqogika terminlərini dəqiqləşdirmək vacibdir” (1980), “Tərbiyənin metodları” (1980), “Tərbiyənin prinsipləri və onların təlim-tərbiyə prosesində reallaşdırılması” (1980), “Müasir dərs necə olmalıdır” (1988) kimi yüksək elmi-nəzəri əhəmiyyət daşıyan məqalələr yazıb.

Şəxsiyyətlə bağlı sistemli tədqiqatlar müəllifi

Keçən əsrin 70-ci illərində keçmiş İttifaqda, o cümlədən Azərbaycanda görkəmli pedaqoqların (bəzən də heç pedaqoq olmayanların) pedaqoji görüşlərinin tədqiqi dəb olduğu bir vaxtda, ilk dəfə Ə.Ağayev problem xarakterli mövzunun - şəxsiyyət haqqında Azərbaycan pedaqoji fikir klassiklərinin ideyalarının tədqiqinə girişib. “Azərbaycan maarifpərvərləri şəxsiyyət və onun formalaşması haqqında” (1974), “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında” (1978) kitabları və silsilə məqalələri ilə pedaqoji fikir tarixinin tədqiqində yeni elmi cığır açıb. Həmin problemlə bağlı uzun illər səmərəli tədqiqatlar aparıb. Sistemli və ardıcıl tədqiqatlarını “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” mövzusunda yazdığı doktorluq dissertasiyası ilə tamamlayıb. Həmin dissertasiyaya görə, Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti cəfakeş alimə pedaqoji elmlər doktoru alimlik dərəcəsi verməklə yanaşı, həm də professor elmi adının verilməsi haqqında qərar qəbul edib.

Təhsil və pedaqoji fikir tarixçisi

Xalqımızın ümumi tarixinin mühüm tərkib hissəsi olan məktəb tarixinin öyrənilməsi və təbliği sahəsində professor Ə.Ağayev elmi səy və fədakarlıq göstərib. O, “150 yaşlı Şuşa məktəbi” (1982), “Ötən əsrlərdə doğulmuşlardan biri” (1993), “Qocaman maarif ocağı” kitab və silsilə məqalələrində çarizmin Azərbaycandakı təhsil siyasətinin (ruslaşdırma və xristianlaşdırma) mahiyyətinə aydınlıq gətirib, tədris işlərinin elmi mənzərəsini şərh, məktəb işlərinin təşkilini elmi-pedaqoji prizmadan təhlil edib. “Sona xanım Tağıyeva” (1995) kitabçasında isə Bakıdakı 190 nömrəli məktəbin uğurlarını təhlil edib, 50 il həmin məktəbə rəhbərlik etmiş, bu sahədə saç ağartmış, həyatını şagirdlərinin ömrünə köçürmüş Sona xanım Tağıyevanın həyat yolunu işıqlandırıb. Xalqımızın zəngin mədəni-elmi və təhsil-tərbiyə nəzəriyyəsi və təcrübəsi ilə keçmiş İttifaqın pedaqoji ictimaiyyətini tanış edən “Azərbaycan pedaqoji fikir antologiyası” (1990) adlı hikmət çələnginin hazırlanmasında, həmkarları ilə birlikdə Moskvada kütləvi tirajla nəşr edilməsində Əjdər müəllimin böyük xidmətləri olub.

Dərsliklər müəllifi

Müəllim hazırlığının təkmilləşdirilməsi ilə bağlı onun ideya və fikirləri həmişə maraq doğurmuş, bu sahədəki fəaliyyəti təqdir olunmuşdur. Onun nəzəri tədqiqatları praktik dəyərliliyi ilə daha çox diqqəti cəlb edir. O, araşdırmalarının nəticələrini ali pedaqoji təhsilə tətbiq etmiş, ali pedaqoji məktəblər üçün “Pedaqogika” kitabları yazmışdır. Həmkarları ilə birlikdə qələmə aldığı “Pedaqogika” kitabları məzmun, mündəricə, şərh və təqdimetmə üslubuna görə fərqlənir, yeni yanaşma baxımından diqqəti cəlb edir. Onun müəllifliyi və elmi redaktorluğu ilə hazırlanan 8-9-cu siniflər üçün “İnsan və cəmiyyət” və təlim rus dilində olan məktəblərin II sinfi üçün “Azərbaycan dili” dərsliyi də yüksək elmi-metodik səviyyəsi, nəzəri və praktik əhəmiyyəti ilə seçilir.

Pedaqoji və bədii düşüncənin vəhdətindən yaranan əsərlər

Professor Ə.Ağayevin yaradıcılığında uşaqlar üçün yazdığı şeirlər və hekayələr mühüm yer tutur. Bədii yaradıcılığa keçən əsrin 50-ci illərində “Azərbaycan pioneri” qəzetində nəşr olunan “İlk və son” adlı hekayəsi ilə başlayan pedaqoq-alim bu sahədə də maraqlı yaradıcılıq yolu keçmiş, gənc nəsillə bağlı arzu və düşüncələrini, uşaq həyatı ilə bağlı müşahidələrinin nəticələrini “Sülh gəmisinin kapitanı” (1982), “Payız” (1995), “Kosmos və mən” (1997), “Bala dadı, bal dadı” (1999), “Ceyran nənəm” (1999), “Gəlirəm, gözlə məni” (2000), “Fərhadın rəsmləri” (2008), “Allahın haqq bəndəsiyəm” (2008), “Pişik balasının səhvi” (2013) kitablarında əks etdirmişdir. Uşaqların istək və arzularını, iç dünyasını, daxili aləmini, yaşıdlarına və yaşlılara münasibətlərini realist həyati lövhələrlə əks etdirən bu kitablar pedaqoji və bədii düşüncənin vəhdətindən yaranmışdır. “Mən təbliğatçıyam” (1980), “Tikdim ki, izim qala” (1996) kitabları onun jurnalistlik qabiliyyətinin, publisistik yaradıcılığının bəhrəsi kimi diqqəti cəlb edir.

Klassik pedaqoji irsin tədqiqi və təbliği

Azərbaycanda təhsil-tərbiyə nəzəriyyəsinin inkişafında klassik pedaqoqların bəşəri məzmun daşıyan, humanist istiqaməti ilə diqqəti cəlb edən nəzəri irsi mühüm rol oynayır. Bu irsin dəyərli nümunələrinin seçilməsi, Azərbaycanda nəşri və onlardakı pedaqoji siqlətin üzə çıxarılması da Əjdər müəllimin fəaliyyətində mühüm yer tutub. Onun Y.A.Komenski, K.D.Uşinski, A.S.Makarenko, N.K.Krupskaya və V.A. Suxomlinskinin pedaqoji irsinin öyrənilməsi ilə bağlı araşdırmaları yeniliyi ilə diqqəti cəlb edir. A.S.Makarenko və N.K.Krupskayanın iki cildlik əsərlərinin tərtibi və nəşri də onun adı ilə bağlıdır.

Pedaqoji təbliğatçı

Ə.Ağayev pedaqogika elminin nəzəri və tarixi problemləri ilə bağlı sistemli və ardıcıl tədqiqat aparmaqla, səmərəli elmi-pedaqoji fəaliyyət göstərməklə kifayətlənməyərək onun təbliğinə də xüsusi diqqət ayırıb. Keçən əsrin 70-ci illərindən mütəmadi olaraq Azərbaycan televiziyasında təhsil-tərbiyənin müasir problemlərindən, gənclərin əxlaqi-mənəvi tərbiyəsindən bəhs edən “Sənin vətəndaşlıq borcun”, “Həyat bizi səsləyir”, “Ədəb-ərkan dünyamız”, “Təbliğatçının televiziya məktəbi”, “Təhsil: düşüncələr, mülahizələr” verilişlərinin müəllifi və aparıcısı, təhsil eksperti kimi obyektiv, prinsipial və arqumentasiyalı çıxışları ilə televiziya və radio verilişlərinin qonağı olmuşdur.Ə.Ağayevin əsərləri tarixiliyi ilə yanaşı, müasirliyi ilə də maraq kəsb edir. O, Azərbaycan təhsilində reallaşdırılan uğurlu təhsil islahatlarının tələblərinə uyğun araşdırmalar aparır. Xarici təcrübənin Azərbaycan məktəblərində tətbiqinin səmərəli yollarını müəyyənləşdirir, yeni təhsil-tərbiyə texnologiyalarının mahiyyətinə aydınlıq gətirməklə praktik müəllimlərə dəyərli məsləhətlər verir. Bu cəhətdən onun “Təlim prosesi: ənənə və müasirlik” (2006) əsəri diqqəti cəlb edir.

Elmi-pedaqoji kadr hazırlığı

Əjdər Ağayevin fəaliyyətində elmi-pedaqoji kadr hazırlığı mühüm yer tutur. Ayrı-ayrı vaxtlarda o, dissertasiya şurasının üzvü, həmsədri, sədri, Ali Attestasiya Komissiyasının ekspert komissiyasının üzvü kimi onlarla gənc tədqiqatçının xeyirxahı olub, pedaqogika elmi üzrə fəlsəfə və elmlər doktoru kimi yetişmələrinə xeyir-dua verib. Bilavasitə onun elmi rəhbərliyi ilə 52 nəfər doktorant pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Kitablara səpələnmiş ömür

Dəyərli elmi əsərlər yazan, mühakimə və təfəkkür zənginliyi ilə seçilən Əjdər müəllim elmi-pedaqoji, ədəbi-bədii, publisistik-jurnalistlik istiqamətli zəngin irs qoyub gedib. O, 40 monoqrafiya, kitab, kitabça və broşuranın, 600-dən artıq qəzet-jurnal məqaləsinin, 150 mahnı mətninin müəllifidir. Son illərdə nəşr etdirdiyi “Pedaqoji fikrimiz:dünənimiz, bu günümüz”(2000), “Azərbaycan ictimai pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” (2005), “Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən” (2009), “Təhsil: tarixi nəzəri yanaşma” (ingilis dilində) (2011), “Məhəmməd Hüseyn Şəhriyar” (2013), “Nəsillərə örnək olan insan” (2016), 2 cildlik “Seçilmiş pedaqoji əsərləri” (2011, 2013), 2 cildlik rus dilində “Seçilmiş pedaqoji əsərləri” (2014), 7 cildlik “Seçilmiş əsərləri” (2013-2016) pedaqogika elmimizi zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Görkəmli bəstəkarlar C.Cahangirov və D.Kobalevski ilə birlikdə yazdığı əsərlər uşaqların mahnı bayramlarında 10-20 minlik xorun ifasında səslənmiş, arxiv fonduna daxil olub. Bəstəkarlar T.Quliyev, S.Ələsgərov, R.Şəfəq, O.Rəcəbov, R.Mustafayev, M.Əhmədova onun şeirlərinə mahnılar bəstələyib. Əsərləri rus, belarus, ukrayn, başqırd dillərində dərc olunub. Pedaqoji tənqidlə müntəzəm məşğul olan, elmi-pedaqoji ədəbiyyatı təhlilə cəlb edən, uğur və nailiyyətləri təqdir etməklə, nöqsan və çatışmazlıqların obyektiv və subyektiv səbəblərini müəyyənləşdirən və səmərəli təkliflər verən Ə.Ağayev həm də ədəbi tənqidlə də məşğul olub, M.Əvhədinin, N.Tusinin, M.F.Axundovun, Ü.Hacıbəylinin, S.Vurğunun pedaqoji ideyalarının üzə çıxarılması və sistemə salınmasında səmərəli fəaliyyət göstərib.

İctimaiyyətçi alim

Zəngin əxlaq və fəzilət sahibi olan professor Əjdər Ağayev ayrı-ayrı vaxtlarda Təhsil Nazirliyinin elmi-metodik şurasının, dərslikləri qiymətləndirmə komissiyasının sədri, ümumtəhsil məktəbləri üçün baza tədris planları hazırlayan işçi qrupunun rəhbəri, təhsil qanununu, təhsil islahat proqramını və fasiləsiz təhsil konsepsiyasını hazırlayan işçi qrupunun üzvü, “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim” müsabiqə komissiyasının təşkilat komitəsinin üzvü, Təhsil Cəmiyyətinin sədr müavini, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin və məclisinin üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Bilik Fondunun metodiki şurasının üzvü, Təhsil Şurasının sədri, “Təhsil və zaman” qəzetinin baş redaktoru olub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Ə.Ağayev Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000), Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1973), “Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001), “Araz” ali ədəbi və “Qızıl qələm” media (1997), akademik Mehdi Mehdizadə mükafatı laureatları idi. Bu nailiyyətlər şərəfli alim ömrünün zəhmət və istedad ilmələri ilə toxunan naxışlardır. Onun mənalı ömrü, zəngin təcrübəsi gənc tədqiqatçılar üçün bu gün də, sabah da dəyərli örnəkdir.

Dünyadan nə gözəl bir insan gedir

Neçə illər idi ki, Əjdər müəllim Bakı Mühəndislik Universitetində çalışırdı. Burada çox yüksək hörmət və nüfuzu vardı. Tələbədən tutmuş rektora kimi hamı onu özünün müəllimi, ustadı hesab edirdi. Keçən il səhhəti ilə bağlı sevimli işindən, övladları qədər sevdiyi tələbələrindən və ümumiyyətlə, yazı-pozudan ayrılmalı oldu Əjdər müəllim. Amma 80 illik yubileyində bir daha Bakı Mühəndislik Universitetinin böyük zalında kresloda əyləşərək qonaqlarını qəbul etdi. Sonda yenə də kürsüyə sinə gərərək danışdı, amma bu dəfə səbrlə, təmkinlə, asta-asta, kövrələ-kövrələ. Sözünün sonunda baxışları ona dikilmiş zaldakı insanları süzərək çoxdan qələmə aldığı bu misraları xatırladı:

Dedilər: - yaşarsan əməlinlə sən, başında tacın var əməllərindən.
Son gün xatirimə düşəndə birdən, heyif, bu dünyada qonağam - dedim.

27 noyabr 2018-ci ildə Əjdər müəllim kollektivlə son dəfə vidalaşmaq, halallaşmaq üçün Bakı Mühəndislik Universitetinə “gəldi”. Yenə gül-çiçəyə bürünmüş insanla dolu böyük zal. Yenə həmin tribuna. Rəsmilər, rektorlar, dostlar, tələbələr və ailə üzvləri bir-bir söz alaraq Əjdər müəllimin həyat hekayəsindən danışır, onunla bağlı xatirələrini dilə gətirir. O isə adətinə xilaf çıxaraq bu dəfə danışmır, danışa bilmir, sakitcə “uzanaraq” ruhu ilə çıxış edənləri və zalı seyr “edir”. Natiqlər isə eyni fikri dönə-dönə təkrar edirlər: səksən il bu dünyada “qonaq olan” Əjdər müəllim zəhmətlə, əziyyətlə, halallıqla, ləyaqət və şərəflə bir ömür yaşayıb. Haqq dünyasına qovuşan Əjdər müəllimi ürək ağrısı və göz yaşları ilə son mənzilə yola salırıq. O, cismən aramızda olmasa da ruhən qəlbimizdə yaşayacaqdır... Allahdan rəhmət diləyirik... Ruhu şad olsun.

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi

Fərrux Rüstəmov adlı şəxsin şəkli.
Fərrux Rüstəmov adlı şəxsin şəkli.
шаблоны для dle 11.2
Baxılıb: 606 Tarix: 1-12-2018, 22:01