Direktorluğa namizədlərin şansı artıb

Vakant yerlərin böyük hissəsi regionların, xüsusilə də kənd məktəblərinin payına düşür


Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Müsabiqənin test mərhələsini uğurla başa vuran namizədlər dekabr ayının 5-dən başlayaraq Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə müsahibədən keçirilir.

 

TEHSİLSHURASİ.AZ “Azərbaycan müəllimi”-nə istinadən məlumat verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, iki gün ərzində 43 nəfər müsahibədə iştirak edib.

 

Eşqi Bağırovun sözlərinə görə, müsabiqənin ilkin mərhələsində vakant yerlərin sayı 700 olub. Keçən bir ay ərzində əlavə vakant yerlər də yaranıb. Odur ki, müsahibə mərhələsində namizədlərə təklif edilən vakant yerlərin sayı təxminən 750-yə qədər artırılıb.

 

Vakant yerlərin yaranma səbəbləri müxtəlifdir. Həm yaş həddi tamam olan, həm də müəyyən nöqsanlara görə işdən çıxarılanlar olub. E.Bağırovun sözlərinə görə, öz ərizəsi ilə vəzifəsindən azad olunanlar daha çoxdur: “Nöqsanlara görə işdən çıxarılanlar da var. Lakin bu səbəbdən vəzifəsindən azad edilən direktorların sayı kütləvi deyil ”.

 

Bu il də vakant yerlərin böyük hissəsi regionların, xüsusilə də kənd məktəblərinin payına düşür. Bakı şəhəri üzrə isə cəmi 13 vakant yer çıxarılıb.

 

Bakı məktəbləri üçün tələb olunan keçid balını toplayaraq hazırda davam edən müsahibə mərhələsinə qatılan namizədlərin sayı 19 nəfərdir. Namizədlərin sayı boş yerlərin sayından çox olduğu üçün ehtimal edilir ki, Bakı üzrə çıxarılan vakansiyalar tamamilə dolacaq.

 

Xatırladaq ki, test mərhələsində sualların 40 faizinə doğru cavab verənlər növbəti - müsahibə mərhələsinə dəvət olunublar. Bakı məktəblərinə direktor olmaq istəyənlər isə sualların 60 faizini doğru cavablandıranlar arasından seçilir.

 

Onu da əlavə edək ki, Bakı məktəblərinə rəhbərlik etmək istəyən namizədlərdən, sadəcə bal üstünlüyü tələb edilmir. Onlar Bakı şəhərində direktor vəzifəsinə keçirilən müsabiqədə iştirak etmək üçün əvvəlcə müvafiq ali təhsil müəssisələrində təşkil edilən xüsusi təlimlərdə iştirak edirlər. Maliyyə, statistika, əmək və təhsil qanunvericiliyinə aid mövzuları əhatə edən həmin təlimlərdən keçənlər Bakı şəhərindəki ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə namizədliyini veriblər.

 

Beləliklə, bu ildən həyata keçirilən dəyişikliyə əsasən, namizədlər elektron ərizəsində 4 vakant yer seçsə də, müsahibədən sonrakı mərhələdə - yerləşdirmə zamanı onların şansı 4-dən çox olacaq. Bu şansların heç biri reallaşmadığı təqdirdə isə proses köhnə qaydada davam edəcək.

 

Belə ki, müsabiqənin bütün mərhələlərini uğurla başa vuran, ancaq yekunda seçdiyi vakant yerlərə yerləşdirilməyənlər ehtiyat kadr siyahısına daxil olacaq. Test imtahanı mərhələsində əldə etdiyi nəticələri 2 il qüvvədə olan namizədə həmin müddət ərzində yeni yaranan vakant yerlər də təklif oluna bilər.

 

Kimin hara yerləşdiriləcəyinə komissiya qərar verəcək

 

Müsahibələr yanvarın 17-nə qədər davam edəcək. Bu mərhələdə 800-ə yaxın namizədin iştirakı gözlənilir.

 

Xatırladaq ki, bu mərhələdə namizədlərin bilik və bacarıqları 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə dəvət olunanlar təhsil sənədi, ixtisas uyğunluğu, pedaqoji fəaliyyəti, təcrübəsi yoxlanıldıqdan sonra müsahibə komissiyasının qarşısına buraxılır. Burada onların idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkar kompetensiyaları və digər zəruri meyarlar üzrə qabiliyyətləri qiymətləndirilir. Həmin qiymətdən asılı olaraq, elə komissiya tərəfindən yerləşdirmə aparılır. Bu il tətbiq edilən yeniliyə əsasən, namizədin hansı vakant yerə yerləşdirilməsi müsabiqə komissiyası tərəfindən tənzimlənəcək: “Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmayacaq. Nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, bilik və bacarığına əsasən onun hansı məktəbdə işləyə biləcəyinə komissiya qərar verəcək. Çünki məktəblər şəraiti, mühiti, şagird sayı, kollektivi baxımından müxtəlif olduğundan namizədin hansı məktəbdə işləyə biləcəyinə komissiyanın qərar verməsi daha ədalətli hesab edilib”.

 

Beləliklə, komissiyadan yüksək qiymət alaraq hər hansı təhsil müəssisəsinə direktor təyin edilənlər fevral ayından işlərinin icrasına başlayacaqlar.

 

İndiyədək 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib

 

E.Bağırov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas strateji hədəflərdən biri də təhsildə nəticələrə görə şəffaf və səmərəli tənzimləmə mexanizminə malik yeni idarəetmə sisteminin formalaşdırılmasıdır. Bu istiqamətin icrası üzrə 2014-cü ildən başlayaraq ölkə üzrə ümumtəhsil müəssisələrinin vakant olan direktor vəzifələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirilir: “İndiyədək 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib. Onlardan 700-dək namizəd regionlarda yerləşən ümumtəhsil məktəblərinə, 130 nəfərə yaxın namizəd isə Bakı şəhəri üzrə məktəblərə yerləşdirilib”.

шаблоны для dle 11.2
Baxılıb: 403 Tarix: 7-12-2018, 10:33