ALİ MƏKTƏBLƏRDƏ PEDAQOGİKA FƏNNİNİN TƏDRİSİNDƏ İKT-NİN ROLU

Ali təhsil sahəsində İKT-dən düzgün istifadə etmək və bu bacarıqları təkmilləşdirilməsi yollarının araşdırılması olduqca əhəmiyyətli məsələdir. Qeyd edək ki, 2003-cü ildə qəbul edilmiş "Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Artıq Azərbaycanda ali təhsilin modernləşdirilməsi və ali təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Son zamanlarda ali təhsil sistemində İnformasiya Kommunikasiya Texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması əsas hədəflərdən biridir.Qeyd edək ki, yaşadığımız dövrdə kompyuter texnologiyasının təhsildə rolu çox genişdir. Buna görə də, dünyada, o cümlədən Azərbaycanda bütün ali təhsil müssisələrində artıq bir çox dərslər İKT ilə tədris olunur.
Bu gün ölkənin ali məktəblərində təhsil alan tələbələrin internet vasitəsi ilə  elektron kitabları oxumaq, dünyanın tanınmış məhşur kitabxanalarına pulsuz baxmaq və onlardan istənilən səviyyədə istifadə etmək imkanları vardır. Bu kimi spesfik xüsusiyyətləri nəzərə alsaq deyə bilərik ki, İKT-nin təhsilə çoxlu müsbət təsirləri vardır. Ona görə də bu gün müasir müəllimlər tələbələrini öz ixtisaslarına uyğun olaraq internetdən bilik axtarmağa yönəldirlər.Ümumilikdə ali təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Demək olar ki, günümüzdə təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar əsas hədəflər müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin xeyli hissəsi həyata keçirilmişdir.İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə etməklə qurulan müasir təhsil modeli ali məktəblərin müəllim-professor heyəti qarşısına yeni tələblər və vəzifələr qoyur. İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır. Elektron kürsülərdə video və ya slaydlar formasında deyilən mühazirələr tələbələrə güclü təsir edir, onların bədii zövqünün inkişafına və materialı daha yaxşı mənimsəməsinə səbəb olur.                                                                        
Ali təhsil müəssisələrində müəllimlərin mövcud olan texnologiyalardan, o cümlədən kompüter və internetdən səmərəli istifadə etməməsi elektron təhsil quruculuğunu mənfi təsir göstərə bilər. Ali məktəblərdə elektron təhsil quruculuğuna mənfi təsir göstərən səbəbləri şərti olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Ali məktəblərdə elektron təhsildə bir sıra müəllimlərin öz avtoritetlərinin aşağı düşəcəyindən qorxması;
2. Yaşlı müəllim heyətinin kompüterdə işləməyə az meyilli olması;
3. Tələbələrin kompüterdən istifadə qaydalarını bir çox müəllimlərdən daha yaxşı bilməsi.
Ali məktəblərdə müəllimlər tələbələrin tənqidi və yaradıcı təfəkkürünü dəstəkləməli,  stimullaşdırmalı, seminarlara hazırlaşarkən İKT-dən düzgün istifadə etmələrinə köməklik göstərməlidir. Həmçinin müəllimlər tələbələrin öyrənmə tələbatlarını ödəmək üçün təlim metodlarını dövrün tələblərinə uyğunlaşdırmağı da bacarmalıdır. Ona görə də pedaqogika fənnini tədris edən hər bir müəllim bu fənnin tədrisində yüksək nəticələr əldə etmək üçün dərsin metodunu düzgün seçməli, tələbələrdə daha çox düşünmək, mühakimə yürütmək və öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırmalıdır.
Bildiyimiz kimi, auditoryadakı tələbələrin psixoloji durumu müxtəlifdir. Elə tələbələr var ki, seminarlarda mövzu ətrafında diskussiya zamanı öz cavablarının səhv olduğunu düşünür, müəllimdən utanaraq cavab verməkdən imtina edirlər.
Tələbələrlə aparılan sorğulardan məlum olur ki, pedaqogika fənninin tədrisində İKT-dən  istifadə olunması onlarda özünə inamı və bu fənnə marağı daha da artırmış olur.
Ali məktəblərdə pedaqogika fənninin tədris prosesində interaktiv lövhədən və elektron kürsülərdən istifadə edilməsi dərsin keyfiyyətini yüksəldir. “Ağıllı” lövhələrin və elektron kürsülərin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək mümkün olur. Bu isə müxtəlif səbəblərdən dərs buraxan tələbələrin iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilməsinə və həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləməsinə imkan verir.
İnformasiya Kommunikasiya Texnologiyaları ilə tədris olunan pedaqogika dərsləri tələbələr üçün daha çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər və kompüter tədris proqramları, tələbələrin idrak aktivliyinə müsbət təsir göstərir.
Onu da qeyd edək ki, istedadlı pedaqoqlar kompüter vasitəsilə öz tədris işlərini və yaradıcılıq fəaliyyətlərinin nəticələrini individuallaşdıra bilirlər. Belə ki, müəllim standart pedaqogika aid dərsliklərdə və dərs vəsaitlərində olmayan, özü tərəfindən düşünülmüş maraqlı ideyaları kompüterdə prezentasiya şəklində hazırlayıb tələbələrə təqdim edə bilərlər.
İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə etməklə təhsildə idarəetməni xeyli təkmilləşdirmək mümkündür. Ali məktəblərdə pedaqogika fənninin İKT əsasında qurulması, müəllimlərin kompüterlə, internetlə işləməyə psixoloji hazırlanması tələbələrin savadlı və istedadlı kadr kimi yetişməsində mühüm rol oynayır.
Onu da qeyd edək ki, pedaqogika fənninin tədrisində yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin dinamikliyi və çevikliyi artır. Ali təhsil müəssisələrində pedaqogika fənninin tədrisində yeni təlim texnologiyalarının tətbiqi dedikdə bu fənn üzrə optimal didaktik proseslər mənimsəmək, məqsədə nail olmaq və eyni zamanda təlim-təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür. Əsas məqsəd tələbələrin fikirlərinə, bilik, bacarıq, davranış və hisslərinə hörmət etməklə təlimin keyfiyyətini yüksəltməkdir.
Pedaqogika fənninin tədrisində texniki vasitələrdən və İKT-dən istifadə edilməsi tələbələrin tədris olunan mövzunun ətraflı mənimsəməsinə, lazımi bacarıq və vərdişlərə yiyələnməsinə stimul verməklə yanaşı müəllimin sərf etdiyi əməyi də qismən yüngülləşdirər. Çünki İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı artırır. Buna görə də bu vasitələrdən düzgün istifadə olunması tələbələrdə informasiya bazasının çoxalmasına və mövzunun asanlıqla dərk olunmasına şərait yaradar.
         Xüsusi ilə onu qeyd etmək istəyirəm ki, pedaqogika müəllimi yaradıcı olmalı və davamlı olaraq özünü inkişaf etdirməli, heç zaman öz metodlarını yaratmaqdan çəkinməməlidirlər. Belə hesab edirəm ki, pedaqogika fənnini tədris edən müəllim günbəgün yenilənən müasir təlim texnologiyalarını mənimsəməli və tətbiq etməyi, tələbələrinə fərdi yanaşmağı və öz fənnini sevdirməyi bacarmalıdır.
Pedaqogika fənni üzrə müəllim müasir təlim texnologiyaları prinsiplərinin mahiyyətindən irəli gələn əsas yanaşmaları tələbələrin maraq və tələbatlarına, onların psixologiyasına, sosial yaşam tərzinə, bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəltməyi bilməlidir. Müəllim tədris prosesində idrak fəallığı, öyrənməni, zəruri olan informasiyaları müstəqil və düzgün istifadə etməyi bacararsa pedaqoji texnologiyaların səmərəli tətbiqinə nail ola bilər.
İnformasiya Kommunikasiya Texnologiyalarından pedaqogika fənninin tədrisində istifadə etməklə təhsildə idarəetməni də xeyli təkmilləşdirmək mümkündür. Təhsilin məzmunu, idarə olunması, maddi-texniki və tədris bazası, infrastrukturu, təhsilverənlərin keyfiyyət göstəriciləri, hər bir təhsil pilləsində təhsialanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi müasir təlim texnologiyaları vasitəsilə reallaşdırıla bilər. Bunun üçün isə hər bir təlim nəticəsinə uyğun olaraq düzgün şəkildə təlim texnologiyası müəyyənləşdirilməlidir.
Ali məktəblərdə müasir təlim texnologiyalarından tədris prosesində istifadəsinin texnoloji cəhətdən düzgün müəyyənləşdirilməsi müəllimdən peşəkarlıq və səriştəlilik tələb edir. Müəllim pedaqogika fənninin tədrisində aşağıda göstərilən müddəaları diqqətdə saxlayarsa bu sahədə uğur qazana bilər:
1. İnternetdən düzgün istifadə etməklə pedaqogika fənni üzrə kreativ biliklərə yiyələnməlidir;
2. Pedaqoji prosesi təşkil və nəzarət etməyi bacarmalıdır;
3. Pedaqogika fənninin tədrisinin təşkilinə verilən əsas tələbləri ödəməlidir;
4. Mühazirənin hazırlanmasında və keçirilməsində elektron resuruslardan istifadə etməlidir;
5. Daima öz həmkarları ilə məlumat mübadiləsi aparmalıdır;
6. Seminarlarda tələbələrlə birgə işləməyi bacarmalıdır;
Qeyd edək ki, ali təhsil müssisələrində pedaqogika fənnindən elmi tədqiqat işlərinin  informasiyalaşdırılması və elektron dərsliklərin yaradılması istiqamətində də işlər gedir.
Bu gün artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində informasiya texnologiyalardan kifayət qədər istifadə edilir. Belə ki, muxtar respublikamızda digər təhsil müəssisələrində olduğu kimi, ali məktəblərdə də kadrların informasiya və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına daha çox yer verilir.
         Sonda onu qeyd edək ki, cəmiyyət müstəqil düşünən, kamil və yaradıcı müəllim kadrları yetişdirməyi çox mühüm vəzifə kimi ali təhsil müəsisələrinin qarşısında qoyur. Bu vəzifələri həyata keçirməkdə pedaqoqların üzərinə böyük iş düşür. Onlar müasir təlim texnologiyalarından istifadə etməklə pedaqogika fənninin səmərəliliyini və keyfiyyətini yüksəltməlidirlər.

TALEH XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin baş müəllimi,
 pedaqogika üzrə fəlsəfə doktoru, 
Respublika Təhsil Şurasının üzvü   шаблоны для dle 11.2
Baxılıb: 320 Tarix: 6-04-2020, 17:30