SANILI İZİ

9 may- Faşizm üzərində qələbə günü. Bu böyük gündə babamın və əmimin də böyük izi var… Atam həmişə deyər ki, babanız, əminiz kimi mərd, vətənpərvər, insanlara qarşı humanist, qohumsevər, işinizdə məsuliyyətli olun… Babam- Sanıyev Abbas Nəbi oğlu BVM-ə yollanır. Xanımı Səadət xanım çətin günlər keçirir. Babam ağır döyüşlərdə iştirak edir, sona yaxın düşmənə əsir düşür, lakin bir yol tapıb oradan qaça bilir. Soyuq, buzlu havada yol tapmağa çalışır. Yolda gələrkən naməlum şəxslər onu saxlayır və kim olduğunu soruşur. Sanıyev soyadını eşidəndə, “Kəbinin nəyisən?” -sualı verirlər. Çəkinərək, “qardaşı”-deyə, (əmisi olmuş)cavab verir… Dövrünün hörmətli insanlarından olan Kəbi Sanıyev Gəncə diviziyasında 320-ci alayın tağım komandiri və kapitanı olmuş, insanlara böyük köməkliklər göstərmişdir. Kəbi baba prof.Ziya Bünyadovla eyni alayda xidmət etmiş və yaxın dost olmuşdur. 1937-ci ildə repressiya qurbanı olmuş Hacı Kərim Sanılının soyadını daşıyanların sürgünilə əlaqədar verilən qərardan sonra ,Kəbi dağlara çəkilir və Qaçaq Kəbi ləqəbilə tanınır. Sonralar Sanıyev soyadına qoyulan qadağaların aradan qaldırılmasında prof. Z. Bünyadovun rolu danılmazdır. …Abbas babanı soyadına görə gözəl qarşılayırlar, evlərinə aparıb isti yemək verirlər və yoluna sovqat qoyaraq, Azərbaycan torpaqlarına qədər gətirib yola salırlar. Babam qayıdandan sonra müharibədən böyük qürurla danışardı. 100 yaşında dünyasını dəyişən Abbas babanın Böyük Vətən Müharbəsi veteranı kimi aldığı medal, bizə əziz xatirədir. Əmim- Sanıyev Firuddin Abbas oğlu da müharibəyə yollanıb, lakin o, geri qayıtmayıb. Əldə etdiyimiz məlumata görə Firuddin əmi xarici ölkələrdə uzun müddət savadlı həkim kimi fəaliyyət göstərmişdir.Lakin qoyulan xüsusi qadağalarla əlaqədar nəslini qorumağa görə sağlığını bildirməmişdir. Bir nəfər xaricdə müalicə olunarkən təsadüfən həkiminin Firuddin əmi olduğunu bilir, uzun söhbət edəndən sonra ona and verərək, qoyulan qadağalara görə sağlığını bildirməməsini xahiş edib. Həmin şəxs təəssüf ki, 30 il sonra ölüm yatağında olarkən , son nəfəsində Firuddin əmini gördüyünü söyləmişdir…Firuddin əminin düzəltdiyi tüfəng bizə onun əziz xatirəsini həmişə xatırladır… Dünyasını dəyişən veteranlara Allah rəhmət eləsin…


Müəllif: Bəturə Sanıyevaшаблоны для dle 11.2
Baxılıb: 2 915 Tarix: 9-05-2020, 23:34